Qış nağılı adlı üç günlük yeni il şənliyi
11 Dekabr 2009 Cümə 18:00
“Qış nağılı” adlı üç günlük yeni il şənliyinin proqramına “Eurovision-2009” mahnı müsabiqəsində ifa olunan bir neçə mahnı da daxil edilib.
Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadənin APA-ya verdiyi məlumata görə, gələn ilin ilk günləri, yanvarın 1-i, 2-si və 3-ü azyaşlı tamaşaçılar üçün çox maraqlı proqram nümayiş olunacaq. Onun sözlərinə görə, bu tədbirdə 300 nəfərdən çox uşaq iştirak edəcək: “Artıq bir neçə aydır ki, üç günlük xüsusi Yeni il şənliyi üçün məşqlərə başlamışıq. Hər üç gündə azyaşlı tamaşaçılarımıza maraqlı nömrələr təqdim etmək çalışırıq. Bu proqramda hər bir nömrə üçün ayrıca geyimlər tikilir və xüsusi səhnə dekorasiyası hazırlanır”.

A. Fərəczadə qeyd edib ki, proqramda müasir qəhrəmanlar olan Şreyk, Zorro, klassik qəhrəmanlar olan Qırmızıpapaq, Vinni Pux, Qar kraliçası, eləcə də milli qəhrəmanları görmək mümkün olacaq: “Bu dəfə biz proqramımıza yenilik də etmək qərarına gəldik. Müasir mahnılar, rəqslərin ifası ilə yanaşı, “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin ifa etdikləri “Always”, qalib olan Aleksandr Rıbakın “Fairetale” mahnısı kiçik və istedadlı uşaqların ifasında səslənəcək. Artıq iki il idi ki, Heydər Əliyev Sarayında gedən əsaslı təmir işləri bu cür tədbirlərin keçirilməsinə imkan vermirdi və biz bu il müasir standartlara uyğun təmir olunmuş sarayımızda bu cür şənlik keçirməyi qərara aldıq. Artıq tamaşaçıların marağı ilə qarşılanır, çoxsaylı zənglər alırıq”.

A. Fərəczadənin sözlərinə görə, iki gündür artıq satışa çıxarılan biletlərə böyük maraq var. Bu tədbirlərdə “Çiçəyim” Uşaq Teatrı, “Dəcəl qızlar”, “Azəri inciləri” və “Şənlik” rəqs kollektivləri, müğənnilər Ayaz Qasımov, Sabir Əhmədov, Ayan Babakişiyeva, Çingiz Mustafayev, Safura Əlizadə və başqaları çıxış edəcəklər. Yeni il şənlikləri deyildiyi tarixlərdə saat 13:00-da başlanılacaq. Biletlərin qiyməti 3-10 manat arasındadır.

Qeyd edək ki, “Qış nağılı” adlı yeni il şənliklərinin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar