QHT-lərin aksiyasının qarşısı alınıb
30 İyun 2009 Çərşənbə Axşamı 13:10
Qubad İbadoğlu: “Narazılığımız bu istiqamətdə aparılan müzakirələrin qapalı və qeyri-şəfaf aparılmasıdır"

 

Bu gün QHT nümayəndələri “Qeyri-hökumət təşkilatları haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərlə bağlı Milli Məclisin qarşısında növbəti aksiya keçirməyə cəhd ediblər.

ANS PRESS-in məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaçıların qarşısını Parlament prospektinin başlanğıcında kəsərək Milli Məclisə yaxınlaşmasına icazə verməyiblər. Aksiyaçılar “antidemakratik qanunlara yox!”, “Birləşmək hüququmuzu tanıyın!” şüarlarını səsləndiriliblər. Aparılan danışıqlardan sonra polis əməkdaşlarını müşayiəti ilə üç QHT nümayəndəsi aksiyanın qətnaməsini Milli Məclisə təqdim ediblər. Sonra etirazçılar aksiyanın qətnaməsini səsləndiriblər.

Qətnamədə deyilir ki, qanuna ediləcək hər hansı dəyişiklik vətəndaşların toplaşmaq və ifadə azadlıqlarını kobud şəkildə pozacaq, ediləcək dəyişikilk ölkədə demokratik inkişafa zərbə vuracaq. Vətəndaş Cəmiyyəti Milli Məclisdən məsuliyyətli olmağı və təklifləri gündəlikdən çıxarmağı tələb edilir.

Vətəndaş Cəmiyyətinin Müdafiəsi Komitəsinin İşçi Qrupunun üzvü Qubad İbadoğlu ANS PRESS-ə bildirib ki, QHT-lərin piket keçirmək cəhdinin qarşısı alınıb. Q.İbadoğlu qeyd edib ki, Milli Məclisdə müzakirəyə çıxarılan sənəddə Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin təqdim etdiyi təkliflərin əksəriyyəti nəzərə alındığı və məhdudiyyətlərin qanun layihəsindən kənarlaşdırıldığı barədə məlumat alsaq da, müzakirələrin nəticəsini gözləyirik: “Müzakirələrin sonunda qəbul olunmuş sənədə münasibət bildiriləcək. Bizim narazılığımız ondan ibarətdir ki, bu müzakirələr qapalı və qeyri-şəffaf aparılır. Əgər bu dəyişikliklər bizim xeyrimizə və maraqlarımıza uyğundursa, bunun bizdən gizli aparılmasının səbəbi məlum deyil. Biz bu günki iclasın payız sessiyasına kimi təxirə salınmasını və bu müddət ərzində həmin sənədin təkmilləşməsi istiqamətində işlərə başlanılmasını təklif edirik. Biz bu işdə əməkdaşlığa hazırıq, kifayət qədər təkliflərimiz var”.

Onu da qeyd edək ki, “Qeyri-hökumət təşkilatları haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklər lahiyəsi bu gün Milli Məclisin müzakirəsinə çıxarılıb.

Xatırladaq ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev  ötən gün “Qeyri-hökumət təşkilatları haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərlə bağlı QHT-ləri narahat edən bütün məqamların layihədən çıxarıldığını söyləmişdi.

Anar Məmmədov /ANS PRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar