Qəhrəmanlar unudulmur!
01 Sentyabr 2011 Cümə Axşamı 10:08
Bu gün iki Milli Qəhrəmanımızın ad günüdür
Bu gün iki Milli Qəhrəmanın ad günüdür. Bunlar Natiq Əhmədov və Kazımağa Kərimovdur. N.Əhmədov 1969-cu il sentyabrın 1-də Xocalı rayonu Kosalar kəndində anadan olub, 6 yaşında ailəsi ilə birlikdə Ağdam rayonu Novruzlu kəndinə köçüb. O, 1991-ci ildə Xocalı rayonu daxili işlər şöbəsinə daxil olub, ətraf kəndlərin, Ağdam-Şuşa yolunun mühafizə olunmasında şücaət göstərib. 1991-ci il sentyabrın 26-da xidmət yoldaşı Əli ilə birlikdə Əsgəran yaxınlığında ermənilərin pusqusuna düşüb, düşmənin artıq qüvvələrinə qarşı sona qədər vuruşub və qəhrəmancasına həlak olub. 8 oktyabr 1992-ci ildə Milli Qəhrəman adını alıb. Ağdam rayonu Novruzlu kəndində dəfn edilib.
Ad günü olan digər Milli Qəhrəman isə Kazımağa Mövsüm oğlu Kərimovdur. O, 1951-ci il sentyabrın 1-də Qubadlı rayonu Sarıyataq kəndində anadan olub, sonralar Goranboy rayonunda aqrar sənaye sahəsində çalışıb. O, 1991-ci ildə Birinci Goranboy batalyonuna daxil olub, Erkəc, Qaraçinar, Meşəli və digər əməliyyatlarda rəşadətlə vuruşub. Az sonra İkinci batalyonun komandir müavini olan leytenant Kərimov həm də özünü cəsur və bacarıqlı hərbi rəhbər kimi göstərib. Meşəli kəndinə düşmənin növbəti hücumunu dəf edərkən ağır yaralanıb və 1992-ci il iyunun 15-də Bakıda hospitalda dünyasını dəyişib. 23 iyun 1992-ci ildə Milli Qəhrəman adını alıb.
Bakıda, Şəhidlər Xiyabanında dəfn edilib. Goranboy şəhərində büstü qoyulub, rayonun Qızılhacılı kəndinin mədəniyyət evi onun adını daşıyır.
DOSTLARINLA PAYLAŞ: