Qəbələdə yeni su anbarının təməlqoyma mərasimi keçirilib
08 Aprel 2011 Cümə 14:43
Tədbir “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində həyata keçirilib
“Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulmasına başlanıb. Bu məqsədlə aprelin 7-də su anbarının təməlqoyma mərasimi keçirilib.

“Azərsu” ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mərasimdə çıxış edən Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, şəhərin su və kanalizasiya sistemlərinin yenidənqurulması "Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət proqramı"nın tərkib hissəsidir. O, layihənin icrasının rayon əhalisinin içməli suya olan tələbatının tam ödənilməsinə və regionda turizmin inkişafına gətirib çıxaracağını söyləyib.

Təməlqoyma mərasimində çıxış edən “Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bütün şəhər və rayon mərkəzlərində su və kanalizasiya sistemlərinin yenidənqurulacağını, əhalinin Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunacağını Qəbələ sakinlərinin diqqətinə çatdırıb: “Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması 2 mərhələdə həyata keçiriləcək. Birinci mərhələyə suqəbuledici kompleks, o cümlədən 6 ədəd subartezian quyusunun qazılması, hər birinin tutumu 1000 kub metr olan 2 ədəd su anbarının inşası, 16 km uzunluğunda boru xəttinin çəkilişi, xlorator qurğusu və laboratoriya binasının inşası daxil edilib. Birinci mərhələdə nəzərdə tutulan işlər 2012-ci ilin sonunda başa çatdırılacaq. İkinci mərhələdə isə Qəbələ şəhərində 4 ədəd su anbarının, çirkab su təmizləyici qurğununu tikintisi, eləcə də su və kanalizasiya şəbəkəsinin yenidənqurulması planlaşdırılır”.

Qeyd edək ki, Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması Dünya Bankının Azərbaycan hökuməti ilə birlikdə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində həyata keçirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar