Qəbələdə yeni avtovağzal binasının açılışı olub
27 Fevral 2010 Şənbə 15:40
Tədbirdə prezident İlham Əliyev də iştirak edib
Bu gün prezident İlham Əliyev Qəbələdə yeni avtovağzal binasının açılışında iştirak edib və bina ilə yaxından tanış olub.

Qeyd edək ki, ikimərtəbəli yeni avtovağzal binası 1,5 hektar ərazidə inşa edilib. Binanın birinci mərtəbəsində kassalar, gözləmə və tibb otaqları, digər bölmələr var. Obyektin ikinci mərtəbəsində isə inzibati otaqlar yerləşir. Yeni avtovağzaldan rayonun bütün kəndlərinə marşrutlar işləyəcək.

Daha sonra prezident Qəbələnin Zarağan kəndində məcburi köçkünlər üçün salınmış məhəllədə olub. Prezident mənzillərdə yaradılmış şəraitlə tanış olub.

Məhəllənin tikintisinə 2008-ci ilin oktyabrında başlanıb və inşaat işləri cari ilin fevralında yekunlaşıb. “Rayondakı “Qafqaz” turizm bazası və “Lalə” sağlamlıq mərkəzində müvəqqəti məskunlaşan 155 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və 4 hektar sahəni əhatə edən məhəllədə beşmərtəbəli 2 yaşayış binası və 188 şagird yeri olan məktəb binası tikilib.

İlham Əliyev Qəbələdə uşaq bağçasının açılışında da iştirak edib. Dövlət başçısı açılış lenti kəsdikdən sonra bağça ilə yaxından tanış olub.

Ümumi sahəsi 942 kvadratmetr olan ikimərtəbəli uşaq bağçası 70 yerlikdir. Bağçada balacaların təlim-tərbiyəsi və istirahəti üçün hər cür şərait yaradılıb. Burada xüsusi məşğələ otaqları fəaliyyət göstərir. Bina istilik sistemi ilə təchiz edilib.

Prezident həmçinin Qəbələdə “Qafqaz-Park” Gənclik Mərkəzinin açılışında iştirak edib.
İlham Əliyev əvvəlcə 900 kvadratmetr sahəsi olan süni buz meydançası ilə tanış olub.

Ümumi sahəsi 16 hektar olan parkda müxtəlif iaşə obyektləri, üzgüçülük hovuzları, süni göllər, kafelər, uşaq əyləncə mərkəzləri inşa olunub. Mərkəzdə 150 nəfər işlə təmin olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar