Ölkə

Qazaxda Azərbaycanın dövlət bayrağı tərsinə asılıb

Qazaxda Azərbaycanın dövlət bayrağı tərsinə asılıb. Rayon İcra Hakimiyyəti bunu diqqətsizliyin nəticəsi kimi qiymətləndirir.

· Xəbərçi
Qazaxda Azərbaycanın dövlət bayrağı tərsinə asılıb
Qazax şəhərinin mərkəzində, Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsinin binası ilə üzbəüz Azərbaycanın iki dövlət bayrağı tərsinə asılıb. Bunu ANS PRESS-ə Qazax sakinlərindən biri deyib. Onun sözlərinə görə, dəfələrlə rayonun müvafiq strukturlarına müraciət olunsa da, bayrağın düz asılmasına nail ola bilmirlər.

Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zeynal Nağdəliyev isə ANS PRESS-ə bildirib ki, elektrik dirəklərindəki həmin bayraqlar Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə asılıb. O bayraqların tərs asılmasını isə diqqətsizliyin nəticəsi kimi qiymətləndirib. Zeynal Nağdəliyev dərhal bayrağın düz asılması ilə bağlı göstəriş verildiyini də bildirdi.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var. ANSPRESS

Şərhlər