Bu gün qaz təsərrüfatı işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin ölkədə qaz təsərrüfatının yaradılmasının 70 illiyi ilə əlaqədar olaraq 12 iyun 2006-cı il tarixində imzaladığı sərəncama əsasən, hər il iyunun 20-si respublikada qaz təsərrüfatı işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Bu münasibətlə "Azəriqaz" səhmdar cəmiyyətinin kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və şəhidlər xiyabanını ziyarət edib. Jurnalistlərə müsahibə verən qurumun sədri Əlixan Məlikov əhalinin təbii qazla təchizatının ildən-ilə yaxşılaşdığını və gec-tez bütün yaşayış məntəqələrinə mavi yanacaq çatdırılacağını bildirib. Onun sözlərinə görə, hazırda bütün rayonların qaz təminatı bərpa edilib.
"14 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi, hələ Sovet dövründə qazlaşmayan Lerik və Yardımlı rayonlarının qazlaşdırılması, Ağcabədi, Beyləqan, Füzuli, Horadiz, Ağdamın Quzanlı qəsəbələrinə qazın bərpası kimi layihələr həyata keçirildi və qeyd etmək lazımdır ki, tez bir zamanda bu qaz alan əhalinin yəni qazlaşma səviyyəsi 85 faizə çatdırıldı. Təbii ki, bu işlər bu gündə davam etdirilir. Və növbəti inkişaf proqramına uyğun olaraq bizim bir çox layihələrimiz var ki, bu da hər ilə uyğun olaraq həyata keçirilir", deyə Ə. Məlikov qeyd edib. /ANS TV/