Qaz pulunu "Azqazservis" toplayacaq
12 Fevral 2010 Cümə 16:25
"Azqazservis" "Azəriqaz"ın kommersiya departamentinin funksiyasını yerinə yetirəcək
Fevralın 1-dən təbii qazın satışı ilə yeni yaradılan "Azqazservis" MMC məşğul olacaq. Bu barədə “Azəriqaz" İstehsalat Birliyi direktorunun birinci müavini Nazim Səmədzadə bildirib. Onun sözlərinə görə, bu təşkilat hələ Bakı və Abşeronda qaz satışı ilə məşğul olacaq: “Sonrakı aylarda o, bütün ölkədə qaz satacaq. "Azqazservis" "Azəriqaz"ın kommersiya departamentinin funksiyasını yerinə yetirəcək, bütün nəzarətçilər ona tabe olacaq. Amma "Azqazservis" müstəqil strukturdur və 2010-cu ilin yanvarında qeydiyyata alınıb”.
Yeni strukturun rəhbəri Xavər Abbasovun sözlərinə görə, "Azqazservis"də 5 şöbə olacaq. Struktur istehlak edilən qazın pulunun yığılması, onun uçotu, eləcə də borclular üzündən qazının kəsilməsi ilə məşğul olacaq (12 belə qrup təşkil ediləcək). "Azqazservis"in ofisi bu ünvanda olacaq: Babək prospekti, 22/24 məhəllə. X. Abbasov həmçinin qeyd edib ki, istehlakçılardan şikayətlərin qəbulu üçün "185" xidməti yaradılacaq.
"Azəriqaz" İB ilə "Azqazservis" MMC arasında münasibətlərin necə qurulacağı barədə suala cavab olaraq X.Abbasov bildirib ki, bu, "kommersiya sirridir”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: