Qaxdan keçən dəmiryolu reysləri su altında qalıb
30 May 2010 Bazar 15:15
Bakı- Baləkən qatarı səhər saatlarında hərəkətini dayandırıb.
Şəki, Zaqatala, Balakən rayonlarına leysan xarakterli yağışlar nəticəsində selin gəlməsi ilə Qaxdan keçən dəmiryolu reysləri su altında qalıb. Həmin istiqamətdə hərəkət edən Bakı- Baləkən qatarı səhər saatlarında hərəkətini dayandırıb.
Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun ANS-ə verdiyi məlumata görə, saat 09:40-dan Qaxda dayanan qatar, artıq platformaya çəkilib və vaqonlar boşaldılır. Sərnişinlərin digər minik vasitələri ilə mənzilə çatdırılacağı bildirilir. Nadir Əzməmmədovun sözlərinə görə, yolun bərpa istiqamətində işlərə başlamaq üçün bərpa qatarları artıq hadisə yerinə doğru hərəkət edirlər.
Xatırladaq ki, dünən axşamdan başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti və leysan yağışlar müşahidə olunub. Leysan yağışlar Qax rayonunda daha çox müşahidə olunub. Rayon ərazisinə yağan leysan yağışlar nəticəsində mənbəyi Böyük Qafqaz sıra dağlarının cənub ətəyindən başlayan Qapıçayda suyun səviyyəsi artıb. Onun məcrasından çıxması nəticəsində rayonun 150 evi, təqribən 1000 nəfər sakini olan Marsan kəndinin bütün evlərini və həyatyani sahələrini sel suları basıb. Yağan leysan yağışlar nəticəsində rayona gələn yüksək gərginlikli elektirik xətlərinin Qax rayonu ərazisindən keçən hissəsində qəza vəziyyəti yaranıb. Bu səbəbdən Qax, Zaqatala və Balakən rayonlarının bir sıra ərazilərində elektirik enerjisinin verilməsində fasilələr yaranıb. Hazırda yaranmış qəzanın aradan qaldırılması istiqamətində işlər aparır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: