Son günlər günorta saatlarında havalarin isti keçməsi nəticəsində yük və sərnişin qatarlarının hərəkətinə məhdudiyyət qoyula bilər. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı qatarların hərəkəti üzrə nəzarət planı hazırlanıb. Burada əsas məqsəd isti hava şəraiti ilə əlaqədar dəmir yollarında yanğın təhlükəsinin qarşısının alınması, relslərdə genişlənməyə qarşı tədbirlərin görülməsi və digər təhlükəsizlik qaydalarına riayət olunmasıdır.
Hazırda tərtib olunan nəzarət planına əsasən dəmir yolu xidməti işçiləri tərəfindən relslərin temperaturu, ara məsafələri gün ərzində 3-4 dəfə yoxlanılır. Təlimata uyğun olaraq relslərin temperaturu 60 dərəcə, havanın hərarəti isə təxminən +44-46 dərəcə olduqda dəmir yolunda yük və sərnişin qatarlarının hərəkətinə məhdudiyyət qoyulacaq.
Eyni zamanda A(H1N1) virusu təhlükəsinin qarşısının alınması məqsədilə sərnişin qatarlarında, eləcə də dəmir yolu xətləri ətrafında yerləşən yaşayış yerlərində profilaktik tədbirlər görülür, dezinfeksiya işləri aparılır. /AzərTac/