QAT Qadınlar Şurası Metyu Brayzanın məktubundan narazı qalıb
17 Avqust 2011 Çərşənbə 18:04
ABŞ səfiri Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinin vacibliyi məsələsinə cavab verməyib
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Qarabağ Azadlıq Təşkilatı (QAT) Qadınlar Şurasının təşəbbüsü ilə 1000 nəfərdən artıq qadının imzaladığı müraciətə cavab verib.
QAT-dan ANS PRESS-ə verilən məlumata görə, müraciət BMT baş katibi, ABŞ, Rusiya, Fransa prezidentlərinə göndərilib.
Müraсiətdə bildirilirdi ki, Qarabağ məsələsinin həllinin iki yolu - hərb və sülh yolları var və həmsədr ölkələr sülh yolunun tərəfdarı kimi çıxış edirlər. Bu ölkələr əgər doğrudan da sülh yolu tərəfdarıdırlarsa, onda Ermənistana qarşı sanksiyalar tətbiq etməlidirlər. Əgər bunu etmirlərsə, Azərbaycanın müharibədən başqa yolu qalmır və Azərbaycan qadınları övladlarını müharibəyə səsləyəcəklər.
Metyu Brayza tərəfindən QAT Qadınlar Şurasının sədri Fəridə Əsgərovaya ünvanlanmış məktubda göstərilir: “28 iyul tarixli məktubunuza görə sizə öz təşəkkürümü bildirirəm. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Prezident Obama və dövlət katibi Hillari Klinton üçün ilkin prioritet təşkil edir. Buna görə də, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri olaraq mənim üçün də ilkin prioritet təşkil edir.
Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə nizamlanması Azərbaycanın inkişafını və bütün Cənubi Qafqaz bölgəsinin sabitliyini təmin edə bilər. Mən səfir olaraq Minsk qrupunun həmsədrlərinə və münaqişə tərəflərinə hərbi əməliyyatların yenidən başlanmasının qarşısını almaq və münaqişənin sülh və danışıqlar yolu ilə ədalətli və uzunmüddətli həllinə nail olmaqda kömək göstərmək üçün mümkün olan hər şeyi edəcəyəm”.
QAT-dan bildirilən məlumata görə, QAT Qadınlar Şurası səfir Metyu Brayzadan razılıqlarını bildirməklə yanaşı ona daha bir növbəti məktub ünvanlayıblar. Məktubda cavab məktubunda yer almayan bəzi məsələlərə aydınlıq gətirilməsi rica olunur: “Məktubunuzda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunuzu bildirirsiniz. Biz də bu yolun tərəfdarıyıq, lakin müraciətimizdə göstəririk ki, bu yolun mümkün olması üçün işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Siz bu məsələyə münasibət bildirimirsiniz. Biz bilmək istəyirik ki, nə üçün Liviyaya, Suriyaya, Belorusa, onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq olunur, amma işğalçı Ermənistana və onun terrorçu liderlərinə qarşı heç bir sanksiya tətbiq olunmur?”
DOSTLARINLA PAYLAŞ: