QAT Orxan Zeynalov ile bağlı beyanat yaydı
17 Oktyabr 2013 Cümə Axşamı 12:40
Orxan Zeynalov hadisəsi üzərindən Azərbaycana qarşı çirkin kampaniyanın aparılmasını, Rusiyada antiazərbaycan əhval-ruhiyyəsinin yaradılması və gücləndirilməsini yolverilməz hesab edirik.
Qarabağ Azadlıq Təşkilatı (QAT) Rusiyada qətldə təqsirli bilinən Orxan Zeynalovla bağlı bəyanat yayıb. QAT-dan ANS PRESS-ə daxil olan bəyanatda Rusiyanın rəsmi dairələri və mətbuatının Orxan Zeynalovla bağlı apardığı qərəzli kampaniya və antiazərbaycan təbliğatı pislənilib: “Biz günahı məhkəmə qərarı ilə sübut olunarsa, Orxan Zeynalovun istənilən cəzanı çəkməsinin tərəfdarıyıq. Lakin heç bir sübut olmadan Orxan Zeynalovun artıq cinayətkar elan olunmasını və bu hadisə üzərindən Azərbaycana qarşı çirkin kampaniyanın aparılmasını, Rusiyada antiazərbaycan əhval-ruhiyyəsinin yaradılması və gücləndirilməsini yolverilməz hesab edirik”.
Bəyanatda bildirilib ki, Ermənistandan fərqli olaraq 100 min nəfərdən artıq rusun Azərbaycanda yaşaması Azərbaycan xalqının tolerantlığının göstəricisidir: “Biz rus hökuməti və xalqına bildiririk ki, Azərbaycan xalqının səbri tükənməz deyil, bizi adekvat addımlar atmağa məcbur etməsinlər. Azərbaycanlılar Rusiyaya qaçaq yolla, gizli şəkildə deyil, Rusiya qanunları əsasında gedir və həmin qanunlara uyğun olaraq işləyirlər. Əgər azərbaycanlıları sevmirlərsə, qoy qanun qəbul etsinlər, ondan sonra azərbaycanlılar bir də Rusiyaya getməyəcəklər. Əgər belədirsə, Azərbaycan hökuməti bu cür antiazərbaycan siyasəti yeridən Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır. Rusiya hökuməti antiazərbaycan kampaniyasına dərhal son qoymalıdır, əks halda Azərbaycanda yaşayan ruslara qarşı atılacaq hər hansı adekvat addımın məsuliyyəti Rusiya hökumətinin üzərinə düşəcəkdir. Orxan Zeynalovu saxlayarkən vəhşiliklər törətmiş və işgəncələr vermiş şəxslər aşkarlanmalı və cəzalandırılmalıdır. Azərbaycanlı hüquq müdafiəçiləri və ombudsman dərhal Orxan Zeynalovla görüşməli, istintaqın gedişi, onun saxlanma şəraiti ilə tanış olmalıdır. Azərbaycan dövləti tərəfindən O.Zeynalova vəkil tutulmalıdır”.
Bəyanatda o da qeyd olunub ki, QAT Rusiya hökumətinin apardığı antiazərbaycan kampaniyasının ermənipərəst mövqenin göstəricisi olduğunu, işğalçı Ermənistanın maraqlarına xidmət etdiyini, erməni lobbisinin sifarişi ilə həyata keçirildiyini və buna görə də hadisələrin gedişini diqqətlə izlədiyini, Azərbaycan dövlətinə, xalqına qarşı atılacaq istənilən addımla bağlı Azərbaycandakı Rusiya səfirliyi və rus əhalisinə münasibətdə adekvat tədbirlərin görüləcəyini bəyan edir.
DOSTLARINLA PAYLAŞ: