Qarpız mövsümü başladı
01 İyul 2013 Bazar Ertəsi 18:26
Qarpız yemekden zeherlenme hallarının artması insanları daha diqqetli olmağa çağırır.
İsti yay günlərinin sərinləşdirici qidalarından biri kimi çox istifadə etdiyimiz qarpızın mövsümü artıq başlayıb. Əslində insanların iyul ayının sonları, avqust ayının əvvəllərinə gözlədikləri qarpızın son illərdə bu qədər tez yetişdirilərək bazara çıxarılması istehlakçılarda məhsulun keyfiyyətinə şübhə yaradır. Üstəlik son illərdə bu bostan bitkisindən zəhərlənmə hallarının artması insanları qarpıza qarşı daha diqqətli olmağa çağırır. Bu sahənin mütəxəssislərinin açıqlamasına görə məhsulun tez yetişməsi üçün ona heç bir ziyanverici müdaxilə olunmur.
Aqronom, İbadulla Əliyev: “Biz də bilirik ki, adətən dədə babadan qarpız açıq sahələrdə əkilirdi. Yəni o qarpızlar daha dadlı, daha şirin olurdu. İndiki qarpızlarda da dad tam var, sadəcə bunun tez yetişdirilməsi üçün klyonka üsulundan istifadə edirlər. Bir az tez, yəni havaların soyuq şəraitində əkildiyinə görə klyonkanı çəkirlər ki, müəyyən küləkdən, şaxtadan bitki qorunsun. Ondan sonra o klyonka cırılır, bitki də düşür elə bil açıq sahə şəklinə. Qarpız öz-özünə inkişaf eləyir, məhsul yetişdirir”.
Əslində düzgün becərildiyi halda qarpız olduqca xeyirli, bir çox xəstəliklərin qarşısını ala biləcək tərkibə malikdir. Mütəxəssislər aqrotexniki qaydalara uyğun olaraq hər hektara təsiredici maddə hesabı ilə 80-100 kq-a qədər verilən azot gübrələrinin məhsulun keyfiyyətinə mənfi təsiri olmadığını deyirlər. Üstəlik qarpızın yetişdirilməsi zamanı torpağa vurulan mineral gübrələrin də məhsul əldə edilənədək tamamilə çəkildiyini bildirirlər.
Aqronom, İbadulla Əliyev: “Sadəcə olaraq onun tağı körpə olanda, gül açmamış kökünə, torpağa azot qatırlar, aqrotexniki qaydalardan da bilinir ki, azot bitkinin kökünü sərin saxlayır, yəni yanmaması üçün, günəş şüasına qarşı davamlı olması üçün o azotdan istifadə edilir. Başqa bir dərman qarpıza vurulmur”.
Qarpızdan zəhərlənmə hallarına gəldikdə aqronomların fikrincə azot gübrələri qədərindən artıq verilən sahələrin məhsullarında azot və nitrat qalıqları toplanır ki, bu da zəhərlənməyə səbəb ola bilir. Lakin bu mineral gübrələr baha olduğundan fermerləri həmin vasitələrdən az istifadə edirlər. Fermerlər tağı yanmış məhsulun heç olmazsa xərcini geri götürə bilmək üçün vaxtından əvvəl satışa çıxarır. Əsasən paytaxt bazarlarında ucuz qiymətə satılan bu cür qarpızlar da zəhərlənməyə səbəb olur. Bəzən isə istehlakçının qarpızı kəsərək sonrakı günlər üçün soyuducuda saxlaması da acı fəsadlara yol açır.
Mütəxəssislərin fikrincə istehlakçılar qarpızı alarkən onun sahədən tələf olmuş halda gəlməsinə, yaxud dərildikdən sonra uzun müddət günün istisində qalmış olmasına diqqət yetirməlidirlər.
DOSTLARINLA PAYLAŞ: