Qaradağ Sementdə təməlqoyma mərasimi keçirilib
14 Aprel 2009 Çərşənbə Axşamı 16:32
Ümumi dəyəri təqribən 400 mln. ABŞ dolları olan bu layihə Azərbaycanın qeyri-neft sektorunda ən böyük layihələrdəndir.

Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə «Qaradağ Sement» ASC-də inşa olunacaq yeni quru texnologiyaları sobasının təməlqoyma mərasimi keçirilib. Tədbirdə çıxış edən «Holsim» şirkətinin baş icraçı direktoru Markus Akerman layihənin Azərbaycan hökuməti tərəfindən yüksək səviyyədə dəstəkləndiyini bildirib. M.Akerman qeyd edib ki, hazırda müəssisənin səhmlərinin 69,6%-i İsveçrənin «Holsim» şirkətinə, 10%-i Azərbaycan İnvestisiya Şirkətinə, 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 10,4%-i isə minə yaxın fiziki şəxsə məxsusdur. Son 10 il ərzində «Qaradağ Sement» ASC-də aparılmış modernləşdirmə işləri nəticəsində səhmdar cəmiyyəti Azərbaycanda həm yerli, həm də beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və innovativ məhsul və xidmətlər təklif edən müəssisəyə çevrilib.
«Qaradağ Sement»in yeni texnologiyaların tətbiqi, ətraf mühitə təsirin azaldılması və daha çox yerli məhsul istehsal etmək istiqamətində fəaliyyətini davam etdirdiyini deyən şirkət rəsmisi zavodda quru texnologiyaları sobasının inşası layihəsinin də belə proqramlardan olduğunu vurğulayıb.
Qeyd edək ki, quru istehsal texnologiyası yanacağa qənaət və ətraf mühitə minimal təsir göstərir. Ümumi dəyəri təqribən 400 mln. ABŞ dolları olan bu layihə Azərbaycanın qeyri-neft sektorunda ən böyük layihələrdəndir.
Dövlət başçısına məlumat verilib ki, «Qaradağ Sement»də aparılan yenidənqurma işləri 2011-ci ildə başa çatacaq. Yeni sobaların quraşdırılması ilə müəssisənin istehsal gücü 30%-dək artacaq. Yeni texnologiya atmosferə tullantıların əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar