Qarabağ muzeylərinin direktorları ilə görüş keçirilib
11 Yanvar 2012 Çərşənbə 12:42
Söz Azadlığını Müdafiə Fondunda (SAMF) Qarabağda işğal altında olan Tarix – Diyarşünaslıq muzeylərinin direktorları ilə görüş keçirilib.
SAMF-dən APA-ya verilən məlumata görə, görüş Qarabağ muzeyləri silsiləsindən ilk kitabın hazırlanması məqsədilə baş tutub. Cəbrayıl, Kəlbəcər, Füzuli, Zəngilan və Laçın Tarix – Diyarşünaslıq muzeylərinin direktorlarının iştirak etdiyi tədbirdə fondun icraçı direktoru Vüqar Tofiqli görüşün əsas məqsədinin Qarabağ muzeyləri silsiləsindən ilk kitabın hazırlanması, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə SAMF-ın işğal altında olan Tarix – Diyarşünaslıq muzeylərinin virtual məkanı olan www.diyarshunasliq.az internet saytındakı materialların zənginləşdirilməsi olduğunu diqqətə çatdırıb: “İndiki nəslin az da olsa, Qarabağ haqqında məlumatı var. Amma əsas narahatlıq doğuran gələcək nəsillərdir ki, onların da Qarabağ haqqında məlumatlarının olmasını istəyirik. Biz çalışacağıq ki, bu hazırlanan kitabın Azərbaycan dili ilə yanaşı, ingilis dilinə də tərcümə edilib, xarici ölkələrdə yayımını təşkil edək”.
V. Tofiqli bildirib ki, bu layihə çərçivəsində, həmçinin ermənilərin işğalı nəticəsində muzeylərdə qalan eksponatların dəqiq siyahısının müəyyənləşdiriləcək. O
V. Tofiqli qeyd edib ki, ötən il Fond tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə işğal olunmuş rayonların tarix-diyarşünaslıq muzeylərinin birgə fəaliyyəti ilə bağlı müraciət edilib: «Lakin, həmin müraciətin cavabında nazir Dövlət Qarabağ Muzeyinin yaradıldığını bildirib. Amma faktiki olaraq, belə bir muzey fəaliyyət göstərmir” .
Laçın Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, professor, tarix elmləri doktoru Solmaz Məhərrəmova hazırlanacaq kitabda muzeylərlə yanaşı, Qarabağın hər bir rayonunun tarixi haqqında da məlumatların yerləşdirilməsinin vacib olduğunu qeyd edib.
Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, filologiya elmlər namizədi Tariyel Abbaslı isə kitabda muzeylərdə olan eksponatlardan eksklüziv şəkillərin də yer almasını vacib hesab edib: “Mən muzeyin çox hissəsini gətirmişəm. Yaxşı olardı ki, muzeydə olan eksponatların bəzilərinin şəkillərini çəkib, kitabda verək. Məsələn, elə eksponatlar var ki, onlar bu gün bizim əlimizdə deyil. Amma onların da görüntülərini əldə etmək mümkündür”.
Müzakirələr zamanı muzey rəhbərləri bu günə qədər də Dövlət Qarabağ Tarixi Muzeyinin fəaliyyətə başlamadığını qeyd edib, işğal zamanı böyük çətinliklər bahasına gətirilən eksponatların Muzey Mərkəzindəki acınacaqlı vəziyyətini danışıblar. Qeyd olunub ki, heç bir muzey əməkdaşına orada saxlanılan eksponatlara nəzarət etmək imkanı verilmir, bu səbəbdən də eksponatlar şəraitsizlikdən məhv olmaq təhlükəsi ilə üzləşib.
DOSTLARINLA PAYLAŞ: