Prokuror silah alverçilərinə iş istədi
24 Fevral 2010 Çərşənbə 12:50
Onlar Türkiyədən silah gətirərkən yaxalanıblar
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə qaçaqmalçılıq yolu ilə Azərbaycana külli miqdarda silah keçirilməsində təqsirli bilinən şəxslərə prokuror iş istəyib.
O, Elçin Ələkbərova 9 il, Səyavuş Eyvazova 8 il, Qürbət Nəcəfova və İlham Rəhimova hərəsi 7 il olmaqla azadlıqdan məhrumetmə cəzası istəyib.
İttihama görə, 2008-ci il oktyabrın 13-də Bakı-Qazax avtomagistral yolunun 343-cü km-də polis əməkdaşları tərəfindən özünü şübhəli aparan İntiqam Vəliyevin idarə etdiyi “KamAZ” markalı, 35 BE 715 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi saxlanıb. Yük maşınına baxış keçirilən zaman yük yerindən Türkiyə, ABŞ və Rusiya istehsalı olan 157 ədəd yivsiz ov və pnevmatik silah, 26 qutu müxtəlif çaplı patron, 10 qutu patron gilizi, 3 qutu ov tüfənginin ehtiyat hissələri və 300 ədəd qandal aşkar edilib.
İstintaqla müəyyən olunub ki, Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən, İstanbul-Bakı reysilə sərnişin və yük daşıması ilə məşğul olan “Öz Nuhoğlu” şirkətinin Bakı nümayəndəliyinin işçisi Səyavuş Eyvazov Sumqayıt şəhərində ov silahlarının, onların komplekt hissələrinin və döyüş sursatlarının satışı ilə məşğul olan “Franki” firmasının rəhbəri Qürbət Nəcəfov, əvvəllər “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində “Broker” təşkilatında işləmiş Ağstafa rayon sakini İlham Rəhimov Türkiyə vətəndaşı Hacı Şərəf adlı şəxslə cinayət əlaqəsinə girərək, yivsiz ov və pnevmatik silahların, patronların, ov tüfənginin ehtiyat hissələrinin və qandalların qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi barədə razılığa gəliblər.
Bu məqsədlə Hacı Şərəf Türkiyədə hələlik istintaqa məlum olmayan mənbədən əldə etdiyi yuxarıda qeyd olunan silah-sursatı Sumqayıt şəhər sakini Qürbət Nəcəfova satış məqsədilə çatdırılması üçün Türkiyə-Gürcüstan sərhədindən keçirməklə S.Eyvazova təhvil verib. S.Eyvazov həmin silah-sursatı adı hələlik istintaqa məlum olmayan Gürcüstan vətəndaşlarının “QAZel” markalı maşınına yükləyərək Gürcüstan-Azərbaycan sərhədinə gətirib.
Onlar həmin silahları qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək üçün İlham Rəhimova müraciət ediblər. İ.Rəhimov da 2008-ci il oktyabrın 13-də həmin silah-sursatı “Sınıq körpü” gömrük postundan gömrük nəzarətindən kənar keçirərək Qazax rayonunun Şıxlı kəndi ərazisində İ.Vəliyevə məxsus “KamAZ” markalı avtomaşına yükləyib və Sumqayıt şəhərinə apararkən polis əməkdaşları tərəfindən saxlanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: