Prokuror narkotik alverçilərinə cəza istədi
15 Dekabr 2009 Çərşənbə Axşamı 15:55
Prokuror narkotik alverçilərinə cəza istədi. Onlara 15 il iş verilə bilər.
Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfərlik dəstənin üzvlərinin məhkəmə istintaqı başa çatıb.

ANS PRESS-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrlik etdiyi məhkəmədə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı dəstə üzvü İlqar Abdullayevə 15 il 9 ay, Xangəldi Əliyevə 14 il, Firudin Dadaşov və dəstənin digər 8 üzvünün 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Dəstə üzvləri Azərbaycan Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, Bakı şəhər sakinləri Firudin Dadaşov və İlqar Abdullayev Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar, onlardan 67 kq-dan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Məlum olub ki, Firudin Dadaşov, İlqar Abdullayev və başqaları əvvəlcədən əlbir olub, cinayət əlaqəsinə girərək, narkotik vasitələri satmaq barədə sövdələşiblər. Firudin Dadaşovun tapşırığına əsasən, 2008-ci il noyabrın 3-də İlqar Abdullayev Cəlilabad rayonuna gedib, orada hazırda şəxsiyyəti istintaqla müəyyənləşdirilən bir nəfərlə görüşüb, ondan külli miqdarda narkotiki alıb Bakı şəhərinə gətirib.

Sonra İlqar Abdullayev həmin narkotikləri idarə etdiyi «Mercedes-Benz» markalı avtomobilində gizlədib.

MTN tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində İlqar Abdullayev Firudin Dadaşovun tapşırığına əsasən, həmin narkotik vasitələri sonuncunun yaşadığı ünvana gətirərkən saxlanılıb. İlqar Abdullayevə məxsus bağlamalara baxış zamanı oradan narkotik vasitələr olan - 57 kiloqramdan artıq həşiş və 10 kiloqrama yaxın tiryək aşkar edilərək götürülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar