Prezident yeni xəstəxananın tikilməsinə göstəriş verdi
02 Aprel 2011 Şənbə 00:17
“Xaricdə yaşayan azərbaycanlıların ölkəyə qayıtmasına şərait, iş yaradılmalıdır”
“Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramı bütövlükdə hazırlanır və yaxın zamanlarda təsdiq olunacaq. Bu proqram bütün qəsəbələri əhatə edəcəkdir. Qəsəbələrdə bütün infrastruktur - su xətləri, kanalizasiya xətləri, qazlaşdırma, - harada ki, hələ lazımi səviyyədə deyil, - elektrik enerjisi ilə təchizat, yolların çəkilişi, məktəblərin, tibb məntəqələrinin təmiri, yaxud da ki, yenidən qurulması məsələləri öz əksini tapacaq. Beləliklə, Bakı qəsəbələrində yaşayan insanlar üçün çox yaxşı şərait yaradılacaq”. Bunu Prezident İlham Əliyev Əhmədli qəsəbəsində sakinlərlə görüşündə deyib. Qəsəbənin problemləri ilə bağlı sakinləri dinləyən dövlət başçısı deyib ki, Əhmədlinin bütün problemləri həll olunacaq: “Necə ki, yolların asfaltlanmasına başlanıb, küçə işıqlarının quraşdırılmasına başlanacaq. Kənd xəstəxanasının vəziyyəti ilə bağlı icra hakimiyyətinin başçısı və Hacıbala Abutalıbov indicə mənə məlumat verdilər, şəkilləri də göstərdilər. Əlbəttə ki, bu, dözülməz bir vəziyyətdir. Belə şəraitdə xəstələri müalicə etmək mümkün deyil. Ona görə mən dərhal göstəriş verəcəyəm, vəsait ayıracağam ki, tezliklə bunun yerində gözəl, müasir xəstəxana tikilsin. Bilirsiniz ki, indi ölkəmizin hər bir yerində müasir tibb mərkəzləri yaradılır və əlbəttə ki, ilk növbədə Bakıda. Son illərdə Bakıda bir neçə müasir, gözəl xəstəxana tikilmişdir. Hər bir rayonda, hər bir bölgədə xəstəxanalar, tibb məntəqələri tikilir ki, insanların sağlamlığına biz yaxşı xidmət edə bilək. Əlbəttə ki, hər bir kəndin, qəsəbənin öz imkanları olmalıdır. Burada da tibb məntəqəsi olub, lakin əslində, buna xəstəxana demək çətindir, çünki çox balaca, köhnə bir yerdir”. Dövlət başçısı deyib ki, 1936-cı ildə inşa edilmiş bina ekspertizadan keçiriləcək, əgər lazım olsa, söküləcək və yerində yenisi tikiləcək. Prezidentin sözlərinə görə, xəstəxanada mütləq doğum şöbəsi də olmalıdır.
Dövlət başçısı bildirib ki, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramı olmalı, o cümlədən qəsəbələrə kreditlər də verilməlidir: “Çünki bunlarda yüz minlərlə əhali yaşayır və onların da işlə təmin edilməsi məsələləri həll olunmalıdır. Bu məsələlərlə bağlı iqtisadi İnkişaf Nazirliyinə göstəriş verilib. Yaxın vaxtlarda bu məsələyə də baxılacaq, iş adamlarına, sahibkarlıqla məşğul olanlara şərait yaradılacaq. Kreditlər verilməlidir. Biz elə etməliyik ki, hər bir vətəndaşın işləmək imkanı olsun. Ona görə də işsizliyə qarşı mübarizə bizim üçün ən başlıca vəzifə idi. Bu gün də belədir. Baxmayaraq ki, işsizliyin böyük hissəsi aradan qaldırılıb, ancaq yenə də işsizlər var. İşləmək istəyən gərək işlə təmin olunsun”.
İlham Əliyevin sözlərinə görə, indi Bakıda və başqa şəhər və rayonlarda böyük tikinti işləri gedir: “On minlərlə vətəndaş tikintilərdə işləyir, pul qazanır. İndi xaricə gedənlərin sayı da azalır. Əksinə, ölkəyə qayıdırlar, gəlməlidirlər, qayıtmalıdırlar. Yəni qayıtmaq üçün də burada şərait olmalıdır. İş, şərait olmalıdır. Əlbəttə, bunu da biz yaradırıq. Yenə də deyirəm, hər bir kəndin, qəsəbənin problemləri həll edilməlidir. Xüsusilə, Bakının ətrafında və bəzi hallarda Bakının içində yerləşən qəsəbələrin problemləri birinci növbədə həll olunmalıdır”.
DOSTLARINLA PAYLAŞ: