Prezident nekroloq imzaladı
03 May 2014 Şənbə 19:28
Bakı Musiqi Akademiyasının professoru Aqşin Əliqulu oğlu Əlizadə ömrünün 77-ci ilində vəfat edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aqşin Əliqulu oğlu Əlizadənin vəfatı ilə bağlı nekroloq imzalayıb.

ANS PRESS-in verdiyi məlumata görə, nekroloqda deyilir:

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, respublika Dövlət mükafatı laureatı, xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Aqşin Əliqulu oğlu Əlizadə 2014-cü il may ayının 3-də ömrünün 77-ci ilində vəfat edib.

Aqşin Əlizadə 1937-ci il mayın 22-də Bakı şəhərində anadan olub. O, 1955-ci ildə Bakı şəhər Bülbül adına xüsusi musiqi məktəbini bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Aqşin Əlizadə 1972-ci ilədək burada bəstəkarlıq kafedrasında işləyib. O, 1979–1985-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, 1985–1990-cı illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi vəzifələrini tutub. Aqşin Əlizadə 1991–1994-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər olub. O, 2007-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayında İdarə Heyətinin katibi seçilərək, 2012-ci ilədək həmin vəzifədə çalışıb.

Böyük bəstəkar Aqşin Əlizadə Azərbaycan xalqının çoxəsrlik musiqi ənənələrinə dərin bağlılığı ilə səciyyələnən və dünya musiqi incəsənəti xəzinəsindən ustalıqla bəhrələnən sənəti ilə milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb. Onun özünəməxsus fərdi xüsusiyyətlərə malik yaradıcılığı Azərbaycanda müasir bəstəkarlıq məktəbinin inkişafında yeni mərhələnin başlanğıcı ilə bir dövrə təsadüf edir. Fitri istedadı hələ tələbə ikən, 1960-cı illərin əvvəllərindən etibarən özünü büruzə verən Aqşin Əlizadə yarım əsrə yaxın bir müddət ərzində çox sayda dəyərli əsərlər meydana gətirib. Sənətkarın ən müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılıq palitrası olduqca zəngin və rəngarəngdir. Bəstələdiyi balet, kantata və simfoniyaları, kamera orkestri, xor və simfonik orkestr üçün əsərləri Aqşin Əlizadəyə geniş şöhrət qazandırıb. O, ilk milli qəhrəmanlıq baleti “Babək” və müşayiətsiz xor üçün “Bayatılar” silsiləsi ilə Azərbaycan musiqisi tarixinə yeni janrlar gətirib. Bəstəkarın yaradıcılığında kinofilmlər və tamaşalar üçün yazdığı musiqilər və mahnılar da xüsusi yer tutur.

Aqşin Əlizadə sənətinin başlıca qayəsi xalqın qəhrəmanlıq dolu keçmişinin, vətənə məhəbbətin, humanizmin, həyata inamın və insanın mənəvi ucalığının tərənnümündən ibarətdir. Təbiət lövhələrinin canlılığı, parlaq obrazlılıq və melodizm, xüsusən milli muğamlardan qaynaqlanan cəhətlər bəstəkarın əsərləri üçün xarakterikdir. Aqşin Əlizadənin musiqi irsi öz gücünü Azərbaycan xalq musiqisinin dərin qatlarından alıb. Müasir kompozisiya üsullarından da uğurla istifadə edən sənətkar milli musiqi mədəniyyətinə layiqli töhfələr verib.

Aqşin Əlizadə ayrı-ayrı illərdə ali məktəblərdə müəllimlik edərək gənc musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların hazırlanması işində əhəmiyyətli rol oynayıb.

Aqşin Əlizadənin ictimai fəaliyyəti çoxşaxəli olub. O, uzun illər ərzində Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyində təmsil olunub, Azərbaycan Kinematoqrafçılar İttifaqına, müxtəlif elmi və müdafiə şuralarına, o cümlədən on birinci çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilib. Aqşin Əlizadə cəmiyyət həyatında baş verən taleyüklü hadisələrə münasibətdə həmişə vətəndaş və ziyalı mövqeyi nümayiş etdirib.

Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində Aqşin Əlizadənin xidmətləri yüksək qiymətləndirilib. O, bir çox fəxri adlara layiq görülüb, Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.

Görkəmli bəstəkar, mahir pedaqoq, əsl ziyalı və gözəl insan Aqşin Əlizadənin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Mikayıl Cabbarov
Arif Məlikov
Tahir Salahov
Firəngiz Əlizadə
Şəfiqə Məmmədova
Fərhad Bədəlbəyli
Siyavuş Kərimi
Nəriman Məmmədov
Oqtay Zülfüqarov
Azər Rzayev
Tofiq Bakıxanov
Musa Mirzəyev
Ramiz Mirişli
Xəyyam Mirzəzadə
Ramiz Zöhrabov
Sərdar Fərəcov
Zemfira Qafarova
Cəlal Abbasov
Eldar Quliyev

Xatırladaq ki, mərhumun cənazəsi vidalaşmaq üçün 2014-cü il mayın 4-də saat 13.00-dan 15.00-dək Bakı Musiqi Akademiyasının binasında (Şəmsi Bədəlbəyli küçəsi, 98) qoyulacaq. Dəfn mərasimi Fəxri xiyabanda olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar