Prezident İlham Əliyev qanunsüuz mitinq cəhdlərinə münasibət bildirdi
16 Aprel 2011 Şənbə 00:25
Prezident İlham Əliyev: “Azərbaycanın uğurlu inkişafına zərbə vurmaq istəyən, bəzi hallarda xarici dairələrdən göstərişlər alan ünsürlərə Azərbaycan xalqı çoxdan yox deyib!”.
“Biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. O Azərbaycanın taleyi həll olunurdu. Biz müstəqilliyimizi 1991-ci ildə bərpa etdik. Ancaq 1993-cü ildə ölkəmizdə gedən xoşagəlməz proseslər və yaşanan gərginlik, böhran faktiki olaraq müstəqilliyimizi də sual altına qoyub. O vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər vəzifə borcunu layiqincə yerinə yetirə bilməyiblər və çətin vəziyyətlə üzləşərək vəzifələrini dondurdular, ölkədən də qaçdılar”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astarada rayon ictimaiyyəti ilə görüşdə deyib. Dövlət başçısının sözlərinə görə, Azərbaycan xalqı ölkəmizin yeni müstəqillik qazandığı illəri yaxşı xatırlayır: “Hazırda o adamların yenə də hansısa işi görmək cəhdləri hesab edirəm ki, böyük diqqətə layiq deyildir. Siz bunlara heç əhəmiyyət də verməyin. Bunlar, sadəcə olaraq, görüntü naminə atılan addımlardır və Azərbaycanda nə sabitliyi sarsıda, nə də Azərbaycanın uğurlu inkişafına xələl gətirə bilər. Çünki o hadisələrdə - 1990-cı illərin əvvəllərində Azərbaycanda vətəndaş müharibəsini başlamış, ondan sonra qorxaqcasına ölkədən qaçmış insanlara ölkəmizin siyasi səhnəsində yer yoxdur. O adamlar artıq tarixin arxivindədir”.
Prezident bəyan edib ki, bəzi qüvvələr vaxtaşırı hər hansı bir ölkədə baş verən bir hadisə bunları da nisbətən canlandırır, ruhlandırır: “Biz bunu 2005-ci ildə görmüşük. O vaxt MDB məkanında baş vermiş hadisələr bunları da bir növ hərəkətə gətirmişdi. O vaxt da onlar kiminsə təcrübəsini yamsılamaqla məşğul idilər. Narıncı lentləri, bantları biz yaxşı xatırlayırıq. O vaxt da həmin cəhdlər iflasa uğradı. Çünki Azərbaycan xalqı onların hərəkətlərini dəstəkləmədi. Bu dəfə də ümumiyyətlə, bu məsələ ilə bağlı heç danışmağa ehtiyac yoxdur. Çünki Azərbaycan dövləti o qədər güclüdür, Azərbaycanda ictimai-siyasi sabitlik o qədər möhkəmdir ki, bizim işimizə mane olmaq, Azərbaycanın uğurlu inkişafına zərbə vurmaq istəyən, bəzi hallarda xarici dairələrdən göstərişlər alan ünsürlərə Azərbaycan xalqı çoxdan yox deyib!”.
Dövlət başçısının sözlərinə görə, bizim taleyimiz öz əlimizdədir. O bildirib ki, Azərbaycanın ən böyük sərvəti müstəqilliyimizdir: “Biz hər an müstəqilliyimizi bu konkret işlərlə, proqramlarla, quruculuq, abadlıq işləri ilə möhkəmləndirməliyik”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: