Prezident İlham Əliyev: “Azərbaycan dövləti bundan sonra da ölkənin hərtərəfli inkişafı üçün əlində
29 Fevral 2012 Çərşənbə 02:48
“Ölkəmizin uğurlu inkişafı artıq reallıqdır. Bunu Azərbaycan əhalisi bilir və görür. Dünya ictimaiyyəti də Azərbaycanın uğurları haqqında kifayət qədər dolğun məlumat əldə edir. Uğurlarımızın təməlində düşünülmüş siyasət, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar dayanır”.
APA-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev “Baku Expo” Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransındakı çıxışında deyib.
Prezident bildirib ki, ölkəmizdə siyasət həm ictimai, həm də iqtisadi sahədə bir məqsədi güdür: Azərbaycan xalqının maraqlarını təmin etmək, ölkəmizi gücləndirmək, regionda mövqelərimizi möhkəmləndirmək! Bizim əsas istiqamətimiz bundan ibarətdir.
Onun fikrincə müasir dövrdə Azərbaycanın sürətli inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir. Bu proqramların içində ən önəmlisi və ən vacibi 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıdır. Bu proqramın qəbul edilməsindən sonra ölkəmizin bölgələri çox sürətlə inkişaf etməyə başlayıblar.
Prezident deyib: “Proqramın qəbul edilməsi 2004-cü ilə təsadüf edir. Ancaq Proqram haqqında mən ondan əvvəlki illərdə də fikirləşirdim və 2003-cü ilin prezident seçkiləri ərəfəsində bildirmişdim ki, əgər xalq mənə etimad göstərərsə qəbul edilmiş proqramlar nəticəsində beş il ərzində - yəni, 2008-ci ilə qədər ölkəmizdə 600 minə qədər yeni iş yeri açılacaq. O vaxt bəziləri bu rəqəmlərə inanmırdı, bəziləri buna şübhə ilə yanaşırdı. Ancaq mən bilirdim ki, bunu etmək mümkündür. Çox şadam ki, qısa müddət ərzində - yəni, ondan da az dövrdə, təxminən dörd il ərzində 600 min yeni iş yeri yaradılıb. Bütövlükdə 2004-2008-ci illərdə ölkəmizdə 760 min yeni iş yeri açılıb ki, bu da həm işsizliyin aradan qaldırılması, həm də yoxsulluğun aşağı salınması üçün xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, 2004-cü ildə qəbul edilmiş Proqram bizim bütün iqtisadi inkişafımıza təkan verib”.
Dövlət başçısının bildirib ki, ölkə iqtisadiyyatının böyük hissəsi neft-qaz sektorunda formalaşır. Ancaq neft-qaz sektorunda böyük sayda iş yerlərinin yaradılması mümkün deyildir. Ona görə dövlətin əsas istiqaməti qeyri-neft sektoruna yönəldilib. Bu sektorun inkişafı həm ölkə iqtisadiyyatının şaxələndirilməsinə, həm də işsizliyin aradan qaldırılmasına yönəldilməli idi və belə də oldu.
O qeyd edib ki, ölkənin inkişafında neft-az amili mühüm rol oynayır və bundan sonra da oynayacaq: “Ancaq demək istəyirəm ki, bizim əsas neft ixrac kəmərimiz - Bakı-Tbilisi-Ceyhan neft kəməri yalnız 2006-cı ilin yayında istifadəyə verilib. Proqram isə 2004-cü ildə qəbul edilib. Qəbul edildikdən dərhal sonra Proqram icra edilməyə başlayıb”.
Prezident bildirib ki, 2009-cu ilin əvvəlində Proqramın yeni dövrü başlayıb. Bölgələrin inkişafına yönəldilən proqramın çərçivəsində bütün vəzifələr artıqlaması ilə icra edilir. Birinci Proqramda nəzərdə tutulmuş məsələlər öz həllini tapıb, əlavə tədbirlər də görülüb. Bu Proqramı daha da böyük həcmdə icra edilir və beləliklə, ölkənin inkişafı davam edir.
İlham Əliyev deyib: “Birinci mərhələdə əsas istiqamət biznes imkanlarının genişlənməsinə, sənaye potensialının formalaşmasına yönəldilmişdir. Bu məqsədlə ilk növbədə elektrik enerjisi məsələləri öz həllini tapmalı idi. Ona görə biz bu məsələni prioritet kimi nəzərə almışdıq və qısa müddət ərzində enerji təhlükəsizliyimizi təmin edə bilmişdik. Çünki əvvəlki dövrdə bizdə istehsal olunan elektrik enerjisi tələbatımızı ödəmirdi. İndi biz elə güclü sistem yaratmışıq ki, nəinki öz tələbatımızı ödəyirik, eyni zamanda, bütün qonşu ölkələrə elektrik enerjisini ixrac edirik”.
Sonrakı mərhələdən danışan prezident bildirib ki, infrastruktur layihələrinin icrası prosesi başlayıb. Bu da çox geniş bir istiqamətdir. İnfrastruktur deyəndə yollar, elektrik enerjisi, qazlaşdırma, su ilə təchizat, sosial infrastruktur kimi vacib məsələlər nəzərdə tutulur. İndiki proqramda bütün bu məsələlər öz əksini tapıb. Burada istiqamətlərin biri infrastruktur layihələri ilə bağlıdır. “Biz bu sahəni dövlət tərəfindən qoyulan vəsait hesabına inkişaf etdirə bilmişik. Digər istiqamət sosial infrastruktur ilə bağlıdır. Birinci Proqram qəbul olunandan sonra ölkəmizdə 2300-dən çox yeni məktəb tikilib. Keçən il 200-dən çox məktəb tikilmiş və təmir edilib. Bu il isə 400-dən çox məktəb tikiləcək və əsaslı təmir ediləcək”.
Prezident vurğulayıb ki, səhiyyə infrastrukturunun yaradılması böyük əhəmiyyətə malik olan bir məsələdir. Azərbaycanda 400-dən artıq müasir tibb ocağı yaradılıb. Magistral yolların inkişafı böyük əhəmiyyətə malik idi. Yol olmadan inkişaf ola bilməz. Heç bir müəssisə, heç bir turizm obyekti tikilə bilməz. Biznesin inkişafı üçün yol, elektrik enerjisi əsasdır. İnsanların rahat yaşaması üçün isə sosial infrastrukturun yaradılması prosesi sürətlə gedir və hazırda dövlət bu layihələri daha da sürətlə inkişaf etdirir. Hazırda böyük su-kanalizasiya layihələri icra olunur ki, bu, bütün ölkəni əhatə edir. Bu layihə sırf sosialyönümlüdür. Əgər elektrik enerjisinin təchizatı ilə bağlı verilən göstərişlər həm sosialyönümlü, həm biznesyönümlüdürsə, su layihələri sırf sosial məna daşıyır. İndi imkan var ki, sosial infrastrukturun yaradılmasına daha da böyük həcmdə vəsait qoyulsun.
Ilham Əliyev bildirib ki, dünyada neftlə zəngin olan kifayət qədər çox ölkələr var. Azərbaycandan qat-qat çox neft, qaz hasil edən, ixrac edən ölkələr var. Ancaq heç də hər bir ölkədə iqtisadi inkişaf Azərbaycandakı kimi sürətli deyil. Çünki ölkənin uğurlarının təməlində düşünülmüş iqtisadi siyasət, iqtisadi islahatlar durur. Bu islahatlar dünya birliyi tərəfindən qiymətləndirilir. “Dünyanın aparıcı iqtisadi qurumları Azərbaycanda gedən prosesləri dəstəkləyir, qiymətləndirir və bəzi hallarda bizdə gedən prosesləri heyranlıqla müşahidə edir. Böyük reytinq agentlikləri inkişaf etmiş ölkələrin kredit reytinqlərini aşağı salırlar, Azərbaycanın kredit reytinqlərini qaldırırlar. Böhranlı illərdə ən aparıcı beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən islahatları yüksək qiymətləndirirlər. Yəni, bu da çox vacibdir. Əlbəttə, bizim üçün ən vacib olan məsələ odur ki, bildiyimizi edək, iqtisadi inkişafımızı, insanların yaxşı yaşamasını təmin edək. Ancaq görəndə ki, uğurlarımız mötəbər beynəlxalq qurumlar tərəfindən qeyd edilir, əlbəttə ki, bu, bizi daha da sevindirir”.
Prezident bildirib ki, 2011-ci il ölkəmizin inkişafı üçün uğurlu il olub. Keçən ilin xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektoru sürətlə artıb. Əgər ümumi iqtisadi inkişaf təqribən 1% ətrafında, bəlkə ondan da az idi, qeyri-neft iqtisadiyyatımızın inkişafı isə 10% çox olub.
O deyib: “Bax, budur bizim vaxtilə qəbul etdiyimiz proqramların nəticəsi. Bizim məqsədimiz məhz bundan ibarətdir. Qeyri-neft sektorunun, qeyri-neft sənayesinin inkişafı. İndi bu ilin birinci ayının yekunları da onu göstərir - qeyri-neft sənayesi 10 faizdən çox artıb. Çox güclü sənayeləşmə prosesi gedir. Mən bu məsələ ilə bağlı bir neçə il əvvəl danışmışdım. Demişdim ki, Azərbaycanda sənayeləşmə prosesi sürətlə getməlidir və biz bunu görürük.
Yaradılan və yaradılmaqda olan yeni sənaye müəssisələri bizim uzunmüddətli inkişaf strategiyamızı müəyyən edəcək. Azərbaycan dövləti öz üzərinə düşən bütün vəzifələri icra edir və artıqlaması ilə icra edir. Azərbaycandakı kimi özəl sektora dəstək bəlkə heç bir ölkədə yoxdur. Bu dəstək, ilk növbədə siyasi dəstəkdir”.
Dövlət başçısı qeyd edin ki, o sahibkarlarla təkcə Bakıda deyil, bölgələrdə də mütəmadi görüşür. Onun iştirakı ilə bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılıb. “Ancaq mənim iştirakım olmadan çoxlu müəssisələr açılıb. Bütövlükdə 40 mindən çox yeni müəssisə yaradılıb. Müəssisə yaradılması iş yerləridir, maaşdır, yerli istehsaldır, idxalı əvəzləmək üçün imkanlardır, ölkəmizin inkişafıdır, canlanmasıdır”.
Onun sözlərinə görə, Azərbaycan dövləti sahibkarlara siyasi dəstəkdən başqa, iqtisadi dəstək də verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər, əgər 2012-ci ili də nəzərə alsaq, güzəştli şərtlərlə 900 milyon manat kredit verilib. Onların mütləq əksəriyyəti bölgələrə və demək olar ki, hamısı iqtisadiyyatın real sektoruna yönəldilib. Beləliklə, bu kreditlərin hesabına böyük işlər görülür və sahibkarlar da dövlətin bu dəstəyinə çox böyük məsuliyyətlə yanaşırlar. Kreditlərin hamısı vaxtında qaytarılır və hazırda bu il üçün nəzərdə tutulmuş 200 milyon manat kreditin böyük hissəsini əvvəlki illərdə verilən və qaytarılan kreditlər təşkil edir. Bu, artıq böyük bir məbləğdir. Sahibkarlara veriləcək kreditlərin həcmi ildən-ilə artacaq və hər bir sahibkara daha da böyük məbləğdə kreditin verilməsi mümkündür.
İlham Əliyev deyib ki, ölkənin uğurlarının təməlində iqtisadi siyasət, islahatlarla yanaşı ölkədə mövcud olan ictimai-siyasi sabitlik, icra strukturlarındakı güclü nizam-intizam dayanır. “Nizam-intizam olmadan, biz uğurlara nail ola bilməzdik. Mən bütün icra orqanlarının rəhbərlərinə demişdim, bu gün də deyirəm ki, sahibkarlarla bir yerdə olun, onlara kömək edin, onların işinə qarışmayın, onlara maneçilik törətməyin. Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir. Ancaq bununla bərabər, indi böhran içində çabalayan inkişaf etmiş ölkələrin təcrübəsini öyrənərək və görərək bir daha yəqin edirik ki, sırf bazar iqtisadiyyatı prinsipləri bəzi hallarda işləmir. Avropada biz nəyi görürük? Dövlət öz üzərinə böyük öhdəliklər götürür. Bankları, böyük müəssisələri müflisləşmədən xilas etmək üçün dövlət tərəfindən vəsait qoyulur. Biz bu siyasəti 2004-cü ildən başlamışıq. Xatırlayıram, o vaxt biz bəzi hallarda daha çox beynəlxalq maliyyə qurumlarının kreditlərindən asılı idik. Bizə məsləhətlər, tövsiyələr verilirdi ki, dövlət bu işlərə qarışmasın, özəl sektor özü inkişaf etsin, dövlət kənarda dayansın. Necə ola bilər? Bu, bizim ölkəmizdir. İstər dövlət, istər özəl şirkət olsun, bu, Azərbaycan şirkətidir. Necə ola bilər ki, biz ona kömək etməyək?! Ona görə bizim dəstəyimiz vacibdir. Həm siyasi sahədə, həm ümumiyyətlə Azərbaycanda hökm sürən gözəl ictimai ab-hava bu dəstəyi gücləndirdi”.
O bildirib ki, maliyyə dəstəyi, kreditlərin verilməsi və eyni zamanda, xüsusilə kiçik sahibkarlar üçün biznes planların hazırlanması da artıq dövlət işi olub. İqtisadi İnkişaf Nazirliyi çox dəqiq tövsiyə planları hazırlayıb. Onlar sahibkarların imkanları ilə bağlı olan planlardır. Kimin nəyə imkanı çatır, o həcmdə də özü üçün biznes qura bilər. İlham Əliyev deyib, “Yəni, biz buna da razıyıq, təki inkişaf olsun. Eyni zamanda, sahibkarlar yaxşı bilirlər ki, nə qədər güzəştlər verilir. Sahibkarlar kənd təsərrüfatında bütün vergilərdən, - torpaq vergisi istisna olmaqla, - azaddırlar”.
Prezidentin fikrincə, indi kənd təsərrüfatını stimullaşdırmaq üçün o qədər də böyük ehtiyac yoxdur. Ancaq bu qərar qüvvədədir, onu ləğv etmirlər ki, sahibkarlara kömək olunsun.
Gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. Hər hektar taxıl əkini üçün vəsait verilir. Sahibkarlar da öz tərəfindən öz işi ilə həm özlərinə, həm də dövlətə qulluq etməlidirlər deyən prezident bildirib: “Mənim sahibkarlardan tələblərim bundan ibarətdir ki, yaşadıqları bölgələrdə və fəaliyyət göstərdikləri sahələrdə yaxşı işləsinlər, vergiləri vaxtında versinlər. Dövlət qarşısında onların heç bir borcu olmasın. İş yerləri yaratsınlar, bizneslərini daha da genişləndirsinlər, daha da yaxşı yaşasınlar, daha da zəngin olsunlar. Mən hesab edirəm ki, bu fikirlə sahibkarların fikirləri arasında heç bir fərq ola bilməz”.
İlham Əliyev qeyd edib ki, son illərdə sahibkarlar məsuliyyət göstərərək sosialyönümlü layihələri icra edirlər. Bölgələrdə, xüsusilə məktəb tikintisinə, sosialyönümlü tədbirlərə, yardımlar edirlər. O vurğuladı ki, belə bir tələb sahibkarlar qarşısında qoyulmur. “Bu, könüllü məsələdir. Etsələr, sağ olsunlar. Etməsələr, edənlərə baxıb onlar da çalışsınlar, bu işlərə öz dəstəklərini versinlər...”
Dövlət başçısı deyib ki, Azərbaycan dövləti bundan sonra da ölkənin hərtərəfli inkişafı üçün əlindən gələni edəcək. 2013-cü ilə qədər ikinci Dövlət Proqramı icra ediləcək. O əminliyini bildirib ki, 2009-cu ildə qəbul edilmiş Proqram artıqlaması ilə icra ediləcək. Beləliklə, 2013-cü ilin sonuna qədər ölkənin əsas infrastruktur məsələləri öz həllini tapacaq.
Azərbaycana böyük həcmdə investisiya qoyulduğunu söyləyən prezident deyib: “Bu, çox müsbət haldır. Biz xarici investisiyaları alqışlayırıq. Bizim uğurlu iqtisadi inkişafımız məhz xaricdən gələn investisiyalar hesabına başlayıb. “Əsrin kontraktı”nın imzalanması Azərbaycanı dünyaya tanıtdırdı və birinci dövrdə əlbəttə ki, xarici şirkətlər qeyri-neft sektoruna vəsait qoymaq istəmirdilər. Onları məcbur etmək də mümkün deyildi. Ancaq biz neftin satışından əldə edilən gəlirləri qeyri-neft sektoruna istiqamətləndirdik və beləliklə, dövlət investisiya yükünü öz üzərinə götürüb. Əgər neft-qaz sektorunda bu vaxta qədər əsas investisiyalar xaricdən gəlirdisə, - halbuki indi bu balans da dəyişilir, - qeyri-neft sektorunda əsas yük Azərbaycan dövlətinin üzərindədir. Keçən il ölkəmizə 20 milyard dollardan çox investisiya qoyulub və onlardan 13 milyardı daxili investisiyalardır. Builki Dövlət İnvestisiya Proqramı da çox böyükdür. Ümumiyyətlə, ancaq dövlət xətti ilə bu il ölkə iqtisadiyyatına 7 milyard manat investisiya qoyuluşu gözlənilir. Onlardan 5,7 milyard manatı Dövlət İnvestisiya Proqramı, yəni büdcə hesabına 1,3 milyard dövlət zəmanətli kreditlər hesabına qoyulacaqdır. Bu, çox böyük məbləğdir. Bu məbləğ bizə imkan verəcək ki, 2012-ci ildə iqtisadi inkişafımızı, xüsusilə qeyri-neft sektorunun inkişafını yüksək templərlə təmin edə və daha da böyük işlər görə bilək. Mən ümid edirəm ki, bu il özəl sektorda təxminən o səviyyədə sərmayə qoyulmalıdır”.
Onun sözlərinə görə, ölkə iqtisadiyyatına qoyulacaq investisiya 20 milyard dollardan aşağı olmamalıdır. Bu investisiyaların nəticəsində ölkə hərtərəfli inkişafını daha da sürətlə təmin ediləcək.


Prezident deyib: “Hədəfimiz inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Əgər bir neçə il bundan əvvəl mən bu sözləri deyəndə ola bilər, bəziləri buna şübhə ilə yanaşırdı. İndi mən əminəm, hamı görür ki, bu, mümkündür. Ölkəmizin siyasi çəkisi artır. Biz dünya işlərində həlledici sözə malik oluruq. Bizi dünya ictimaiyyəti dəstəkləyir. Biz BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq. Regionda imkanlarımız genişlənir. Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artır. İndi Azərbaycan investisiyalarını öz ölkələrinə cəlb etmək üçün başqa ölkələrdə müəyyən dərəcədə işlər gedir. Biz indi öz sərmayəmizlə, öz şirkətlərimizlə xarici bazarlara çıxırıq. Bu barədə hələ mən danışacağam, biz öz şirkətlərimizi nəinki Azərbaycanda, xaricdə də dəstəkləməliyik. Bizim Dövlət Neft Şirkəti beynəlxalq enerji şirkətinə, böyük nüfuza, böyük biznes imkanlarına malik olan şirkətə çevrilib. Avropada, başqa qitələrdə SOCAR-ın fəaliyyət dairəsi genişlənir. Bəzi ölkələrin yanacaq balansında Azərbaycanın rolu 20–30 faizə çatıbdır. Biz enerji təhlükəsizliyi məsələlərini uğurla həll edirik. Bugünkü toplantı əlbəttə ki, qeyri-neft sektorunun inkişafına həsr edilibdir. Ancaq biz yaxşı bilirik ki, əgər enerji siyasətində hər hansı birimiz səhv buraxsaydıq, bugünkü uğurlardan danışmaq mümkün olmazdı”.

Dövlət başçısı bildirib ki, bu gün Azərbaycanın qaz resursları Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün vacib rol oynayır. Gələcək illərdə bu rol daha da artacaq. O deyib: “Qaz bərpa olunan enerji növü deyil. Avropanı qazla təchiz edən bəzi ölkələrin qaz ehtiyatları tükənir. Avropada qaza tələbat getdikcə artacaq. Bunu da biz bilirik ki, nə dərəcədə artacaq. Nəzərə alsaq ki, Yaponiyada baş vermiş dəhşətli qəza nəticəsində bəzi Avropa ölkələrində nüvə enerjisinə qadağa qoyulur, qaza olan tələbat daha da artacaq. Belə olan halda, Azərbaycan qazına tələbat daha da böyük dərəcədə artacaq”.
İlham Əliyev vurğuladı ki, hökumət böyük transmilli layihələr üzərində işləyir. Bu layihələr həyata keçirilərsə ölkə uzunmüddətli uğurlu inkişafı təmin ediləcək. Bu layihələrlə Azərbaycan daha da güclü dövlətə çevriləcək. Azərbaycanın sözü daha da əhəmiyyətli olacaq. Həm regionda, həm dünyada ölkənin mövqeləri daha da təsirli olacaq.
Prezident deyib: “Azərbaycan bu gün artıq regional müstəvidən çıxıb, dünya müstəvisindədir. Biz artıq “Böyük iyirmilik”in toplantılarında iştirak edirik. Bu yaxınlarda Meksikada keçirilmiş “Böyük iyirmilik”in xarici işlər nazirlərinin yığıncağında bizim xarici işlər naziri iştirak edib. Oraya cəmi 10, yəni “iyirmiliyə” daxil olmayan ölkələr dəvət edilib. Onlardan biri Azərbaycan idi. Reallıq bundan ibarətdir. Ölkəmizi daha da sürətlə inkişaf etdirmək üçün, mən bir daha qayıdıram bizim əsas mövzumuza. Biznes şəraitinin yaxşılaşdırılması davam etdirilməlidir, sahibkarlığa daha da yaxşı şərait yaradılmalıdır. Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Eyni zamanda, ölkədə hələ də mövcud olan xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılır. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bir gün də dayanmır. Bu mübarizənin artıq yaxşı nəticələri var, daha da yaxşı nəticələri olacaqdır. Biz bu böyük bəlanı ölkəmizdən yığışdırmalıyıq, təmizləməliyik. Elə etməliyik ki, Azərbaycan hər sahədə - həm siyasi, həm iqtisadi, həm korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə sahəsində nümunə olsun və olacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar