Prezident icra başçısına orden verdi
04 Aprel 2014 Cümə 16:30
Ölkə başçısının qərarı ilə Şəmsəddin Xanbabayev “Şərəf” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev Şəmsəddin Xanbabayevi “Şərəf” ordeni ilə təltif edib. ANS PRESS-in məlumatına görə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq ölkə başçısı qərar qəbul edib:

"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev “Şərəf” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, Şəmsəddin Xanbabayev əmək fəaliyyətinə 1963-cü ildə Bakı şəhərindəki Ağac Emalı Kombinatında başlayıb. İki il Abşeron Rayon Kommunal Təsərrüfatı şöbəsində mühəndis olub. 1967-ci ildən Abşeron Rayon Təmir-tikinti idarəsində iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin rəisi, 1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-cı ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR Baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının Baş naziri, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar