Prezident dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haq
23 May 2011 Bazar Ertəsi 18:58
Azərbaycan prezidenti İlham Əliyev dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında fərman imzalayıb.
“APA-Economics-in məlumatına görə, Nazirlər Kabinetinə iki ay müddətində mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydalarını və xidmət növlərini müəyyən etmək tapşırılıb.
Mərkəzi icra hakimiyyəti orqanları isə üç ay müddətində elektron xidmətin təşkili üçün aşağıdakı tədbirləri həyata keçirməlidir:
- səlahiyyətlərinə uyğun olaraq elektron xidmətlər göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsinin yaradılması;
- elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi;
- elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbul edilməsinin, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsinin və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılmasının təmin edilməsi;
- müvafiq sənədlər barədə informasiya əldə edilməsi üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilməsi, bu mümkün olmadığı hallarda şəxslərdən həmin sənədlərin əslinin tələb edilməsi;
- göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi və elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədi ilə zəruri texniki təhlükəsizlik tədbirlərinin görülməsi.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılıb ki, üç ay müddətində elektron xidmətin təkmilləşdirilməsi məqsədi ilə dövlət orqanlarının, eləcə də elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən hüquqi və fiziki şəxslərin elektron imza ilə təmin edilməsi işini təşkil etsin, dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılmasının təmin edilməsi məqsədi ilə zəruri tədbirləri həyata keçirsin, dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədilə “elektron hökumət” portalının yaradılmasını təmin etsin, mərkəzi icra hakimiyyəti orqanlarına elektron xidmətin təşkili üçün metodiki dəstəyi təmin etsin, dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədi ilə tədris kurslarının təşkili istiqamətində zəruri tədbirləri həyata keçirsin, fərmanda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə ayda bir dəfə Nazirlər Kabinetinə məlumat təqdim etsin.
Mərkəzi icra hakimiyyəti orqanları isə fərmanda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə ayda bir dəfə Nazirlər Kabinetinə məlumat təqdim etməlidir.
Nazirlər Kabinetinə tapşırılıb ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə fərmanda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı tələb olunan vəsaitin cari ildə və növbəti illərin dövlət büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görsün, fərmanda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini təhlil etsin və bu barədə üç ayda bir dəfə Azərbaycan prezidentinə məlumat versin, fərmandan irəli gələn digər məsələləri həll etsin. APA
DOSTLARINLA PAYLAŞ: