Prezident: “Azərbaycanda pis yaşayan olmamalıdır”
02 Aprel 2011 Şənbə 02:09
“Hər bir icra başçısını vəzifəyə təyin edərkən, qəbul edərkən göstəriş verirəm ki, get, xalqa xidmət elə, bu yüksək məsuliyyəti, bu etimadı doğrult”
“Keşlə qəsəbəsinin inkişafı ilə bağlı müvafiq tapşırıqlar verilib və o tapşırıqlar yerinə yetiriləcək. Beləliklə, bu qəsəbədə olan bütün problemlər tədricən öz həllini tapacaq”. Bunu Prezident İlham Əliyev Keşlə qəsəbəsində sakinlərlə görüşdə deyib. Onun sözlərinə görə, Keşlə qəsəbəsinin ərazisi və əhalisi Nizami rayonunun təqribən yarısı qədərdir, qədim yaşayış məntəqəsidir: “Elə etməliyik ki, burada yaşamaq üçün bütün şərait yaradılsın. Sosial-iqtisadi inkişaf baxımından müəyyən işlər görülüb. Yeni iş yerləri, yeni sənaye müəssisələri açılmışdır. Ancaq hələ görüləsi işlər çoxdur. İlk növbədə infrastruktur, su, kanalizasiya xətləri, qazlaşdırma prosesi daha da sürətlə getməlidir. İndi bu işlərin böyük əksəriyyəti görülüb. Amma bəzi hallarda qazın təzyiqi aşağı səviyyədədir. Yolların çəkilişi və yeni asfalt örtüyün vurulması məsələləri vardır. İndi mənə məlumat verilib ki, xəstəxananın tikintisinə ehtiyac var. Əlavə məktəb tikilməlidir. Yəni, bütün bu məsələlər Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramında öz əksini tapacaqdır. Proqram yaxın zamanlarda təsdiq olunacaq”.

Prezident evlərin sənədləşdirilməsi məsələsinə də toxunub: “Bu, uzun illərdir ki, gündəlikdə duran problemdir. Uzun illər idi ki, həll olunmurdu. Ancaq biz bunu həll eləməliyik. Amma elə həll eləməliyik ki, bu məsələdə xoşagəlməz halları aradan götürək. Ona görə göstəriş verilib, indi xüsusi bir mexanizm hazırlanır ki, biz bunu necə tezliklə və şəffaf şəkildə edək. Həm də evin sənədini almaq istəyənə qarşı qanunsuz tələblər irəli sürülməsin. Şəffaf, rüşvətsiz. Biz bunu tezliklə edəcəyik ki, insanlar da necə deyərlər, öz hüquqlarından tam şəkildə istifadə etsinlər. Sənədləşmə, sonra qeydiyyatın olmaması ilə bağlı digər problemlər də meydana çıxır və biz bu məsələni birdəfəlik həll etməliyik”.

“Biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. O illərdə xaos, anarxiya, özbaşınalıq, silahlı quldur dəstələri meydan oxuyurdu”, - deyən dövlət başçısının sözlərinə görə, bu gün sabitlik, inkişaf var, insanlar təhlükəsizlik şəraitində yaşayırlar: “Bakı dünya miqyasında ən təhlükəsiz şəhərlərdən biridir. Gecə-gündüz insanlar rahat yaşayırlar, uşaqlar rahat gəzir, yaşlılara hörmət vardır. Biz milli ənənələrimizi qoruyuruq. Bu da çox böyük dəyərdir. Bəzi hallarda biz, yəni, bu işlərə, bu məsələlərə indi öyrəşmişik, hesab edirik ki, hər yerdə belədir. Hər yerdə belə deyildir. Azərbaycan xalqının milli mənəvi dəyərləri çox yüksək səviyyədədir. Biz onları qorumalıyıq. Gənc nəsil də milli ruhda tərbiyə olunmalıdır ki, Azərbaycanın uğurlu, hərtərəfli inkişafı dayanıqlı və daimi olsun”.

Prezident bildirib ki, hər bir dövlət məmuru xalqa xidmət etməlidir: “Hər bir icra başçısını vəzifəyə təyin edərkən, qəbul edərkən göstəriş verirəm ki, get, xalqa xidmət elə, bu yüksək məsuliyyəti, bu etimadı doğrult. Mənim birinci tələbim xalqa xidmət etməkdir, problemləri həll etmək, şərait yaratmaq, insanları incitməmək, əsassız tələblər irəli sürməməkdir. Yəni, belə olmalıdır, ədalət olmalıdır. Birinci növbədə sosial ədalət. İndi Azərbaycanda elələri var ki, yaxşı yaşayır, elələri var ki, orta səviyyədə, elələri də var ki, pis yaşayır. Onlar da var. Onlar olmamalıdır, biz onların səviyyəsini qaldırmalıyıq. İndi 500 mindən artıq vətəndaş ünvanlı sosial yardım alır. Bu, nə deməkdir? O deməkdir ki, onun normal yaşamağa imkanı yoxdur. Dövlət kömək etməlidir. Ünvanlı sosial yardımı alanlar - hər ailə - haradasa 100 manat səviyyəsində müavinət alır. Yəni dövlət öz tərəfindən kömək göstərir. Amma elə etməliyik ki, şərait olsun, hər bir vətəndaş işlə təmin edilsin, yaxşı maaş alsın və yaxşı da yaşasın. Bizim istəyimiz bundan ibarətdir”.

İlham Əliyev bəyan edib ki, hökumət iqtisadi və sosial problemləri mütləq həll edəcək: “Sosial ədalətlə bağlı məsələlərdə hər bir dövlət məmuru vicdanlı olmalıdır, yenə də deyirəm, insanlara qulluq etməlidir. Dövlət məmurunun vəzifəsi ondan ibarətdir. Xalq da nəzarət etməlidir. Mən dəfələrlə müraciət etmişəm, bir də müraciət etmək istəyirəm. Harada ki, işlər yaxşı getmir, qüsurlar, çatışmayan cəhətlər var, məlumat verin, məktub göndərin. İndi elektron poçt var. Məktubla müraciət edin. Biz bilməliyik. İndi korrupsiyaya qarşı qurumda “qaynar xətt” yaradılıb. Zənglər, müraciətlər gəlir. Onlara operativ şəkildə münasibət bildirilir, məsələlər araşdırılır, cəza tədbirləri görülür. Biz bütün xoşagəlməz halları Azərbaycanda aradan götürməliyik. Sosial ədalət prinsipləri tam bərqərar olunmalıdır. İnsanların yaşaması, işləməsi üçün bütün şərait olmalıdır və biz bunu etmək üçün çalışırıq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar