Prezident: “Azərbaycanda bütün azadlıqlar, din azadlığı var”
14 Avqust 2011 Bazar 01:11
“Öz dininə hörmət edən şəxs başqa dinə də hörmət etməlidir”
“Azərbaycanda bütün dinlərin nümayəndələri özlərini rahat hiss edirlər. Azərbaycanda islam mədəniyyətinə, islam dininə olan hörmət, eyni zamanda, bütün başqa dinlərə olan hörmətlə tamamlanır. Öz dininə hörmət edən şəxs başqa dinə də hörmət etməlidir. Bu, artıq Azərbaycanda oturuşmuş yanaşmadır”. ANS PRESS-in AzərTAc dövlət agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimindəki çıxışında deyib. Dövlət başçısı bildirib ki, Azərbaycanda hökm sürən dözümlülük, tolerantlıq artıq reallıqdır və dünya miqyasında Azərbaycanın təcrübəsi bəzi hallarda öyrənilir: “Mən çox şadam ki, dözümlülük, dini tolerantlıq Azərbaycanda artıq oturuşmuş bir anlayışdır. Bu, sadəcə olaraq bir şüar deyil, bizim həyat tərzimizdir”.
“Azərbaycanda din-dövlət münasibətlərini əks etdirən dini abidələrə olan münasibətdir. Azərbaycan dövləti nəinki İslam dininə mənsub olan abidələri, məscidləri tikdirir, bərpa etdirir. Eyni zamanda, digər dinlərə mənsub olan məbədləri təmir etdirir, tikdirir”, - Prezident İlham Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda bu sahədə işlər çox yüksək səviyyədədir. Əlbəttə ki, burada həm dövlət siyasəti, bu siyasətin əsasları düzgün qurulub, eyni zamanda, bu, cəmiyyət tərəfindən irəli sürülmüş bir siyasi və ictimai sifarişdir: “Bu, bizim həyat tərzimizdir. Bu, bizim dünya görüşümüzdür. Biz belə yaşayırıq və belə yaşamağımızla özümüzə, bölgəyə və dünyaya sübut edirik ki, multikulturizm yaşayır. Multikulturizm nisbətən yeni bir anlayışdır. Əslində bu, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan insanların birgə yaşaması deməkdir. Yəni, əsrlər boyu Azərbaycanda bu anlayış yaşayıb, bu gün də yaşayır və möhkəmlənir. Azərbaycan xalqı müxtəlif dövrlərdə müxtəlif ictimai-siyasi quruluşlar çərçivəsində yaşayıb. Buna baxmayaraq, bütün dövrlərdə və xüsusilə ən sevindirici hal ondan ibarətdir ki, müstəqillik dövründə bu müsbət meyillər daha da güclənir. Bizim uğurlu inkişafımızı gücləndirən amillər məhz bunlardır”.
Prezident qeyd edib ki, din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin böyük əməyi və zəhməti var: “Şeyx həzrətləri həm ölkə daxilində, həm xaricdə böyük nüfuza malik olan bir din xadimidir. Azərbaycanda artıq dinlərarası, mədəniyyətlərarası dialoqa həsr edilmiş bir neçə mötəbər beynəlxalq tədbir keçirilib. Azərbaycan dünya miqyasında dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün artıq bir ünvana, bir məkana çevrilib. Təkcə burada coğrafi vəziyyətimiz, yaxud da ki, müxtəlif dinlərin nümayəndələrinin əsrlər boyu Azərbaycanda bir ailə kimi yaşaması amilləri rol oynamır.
Burada, eyni zamanda, şeyx həzrətlərinin beynəlxalq nüfuzu da öz rolunu oynayır. Mən dövlət və hökumət başçıları ilə, öz həmkarlarımla dəfələrlə şeyx həzrətlərinin fəaliyyəti haqqında fikir mübadiləsi aparmışam. Çox şadam ki, hörmətli şeyximiz dünya səviyyəsində böyük hörmətə malik olan bir şəxsiyyətdir. Onun təşəbbüsü ilə həm beynəlxalq müstəvidə, həm Qafqazda dinlərarası dialoqun gücləndirilməsi üçün çox vacib addımlar atılır. Həm beynəlxalq tədbirlər keçirilir, həm bizim qonşu bölgələrdən olan din xadimləri vaxtaşırı Azərbaycana gəlirlər. Rusiyanın Şimali Qafqaz respublikalarının müftilərinin Azərbaycana səfərini xatırlatmaq istəyirəm. Bu, çox uğurlu səfər olmuşdur. Bu, bizi daha da birləşdirir və Qafqazda sülhün, əmin-amanlığın, dözümlülüyün təmin edilməsi üçün bu amillərin çox böyük əhəmiyyəti var”.
İlham Əliyev bildirib ki, Azərbaycanın təsir imkanları genişlənir və ölkəmizin güclənməsi bölgə üçün müsbət bir amildir: “Azərbaycan bu gün bölgədə sabitləşdirici rol oynayır və bu rol getdikcə artacaqdır. Bizdə bütün azadlıqlar mövcuddur. Biz qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda bütün azadlıqlar, din azadlığı var. Ən böyük nemət din, vicdan, söz, fikir, siyasi fəaliyyət, mətbuat azadlığıdır. Bütün bu azadlıqlar Azərbaycanda var. Azərbaycan xalqı azad xalqdır. Biz müstəqilliyi əldə etmişik, 20 ildir ki, müstəqil ölkə kimi yaşayırıq, eyni zamanda, Azərbaycanda demokratiyanın inkişafı da çox böyük yol keçib. Bu gün bütün azadlıqlar mövcuddur və Azərbaycan xalqı bunun bəhrəsini görür. Liberal iqtisadi siyasət siyasi islahatlarsız mümkün deyil. Siyasi islahatlar, din sahəsində aparılan islahatlarsız mümkün deyildir. Yəni, bütün bu istiqamətlər bir-birini tamamlayır və bizim uğurlu inkişafımızı şərtləndirir”.
DOSTLARINLA PAYLAŞ: