Polisə yalan məlumat verən şəxs 5 il cəza aldı
02 Oktyabr 2009 Cümə 18:30
Metrostansiyalara bomba qoyulması barədə yalan məlumat verən daha bir şəxsin məhkəmə prosesi yekunlaşıb
Oktyabrın 2-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycanda metrostansiyalara bomba qoyulması barədə yalan məlumat verən daha bir şəxsin məhkəmə prosesi yekunlaşıb.
Prosesdə dövlət ittihamçısı metronun "Əzizbəyov" və "Həzi Aslanov" stansiyalarına bomba qoyulması barədə polisə yalan məlumat verən Bakı şəhər sakini Xaqani Paşazadənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Sonda prosesdə hökm oxunub. Hökmə əsasən X.Paşazadə Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə günahkar bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2009-cu il iyulun 8-də naməlum şəxs "102" Mərkəzinə zəng edərək metronun "Əzizbəyov" və “Həzi Aslanov” stansiyalarına bomba qoyulması barədə məlumat verib. Müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb. Nizami Rayon Polis İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində yalan məlumatın Bakı şəhər sakini Xaqani Paşazadə tərəfindən verildiyi müəyyən olunub.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: