Polisə basqın edən dəstənin daha bir üzvü tutuldu
08 Avqust 2014 Cümə 16:04
Oktyabrın 16-da Quba rayonunda polis əməkdaşlarına qarşı silahlı basqında iştirak edən qruplaşmanın daha bir üzvü saxlanılıb.
Ötən ilin oktyabrın 16-da Quba rayonunda polis əməkdaşlarına qarşı silahlı basqında iştirak edən qruplaşmanın daha bir üzvü saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidovun ANS PRESS-ə verdiyi məlumata görə, Quba rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində cinayətdə iştirak edən Radik Rükməddin oğlu Ağamuradov saxlanılıb.

O, cinayət hadisəsindən sonra qaçıb gizlənmişdi. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.1, 29.120.2 və 181.2.5-ci maddələrilə axtarış elan olunmuşdu.

Quba polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Radif Ağamuradov, eləcə də onunla birlikdə olan Şamil Manafov və Tərlan Salmanov Küsnət-qazma kəndi ərazisində tutulublar.

Saxlanılan şəxslərdən 2 tapança, tapança üçün səsboğucu, 35 ədəd patron, 1 ədəd qumbara, 1 ədəd ov bıçağı və çöl şəraitində istifadə edilən xeyli məişət əşyaları aşkar edilib. Tapılan silah və sursat müsadirə olunaraq götürülüb.

Qeyd edək ki, 2013-cü il oktyabrın 16-da Qusar şəhərinin ərazisində bir qrup silahlı şəxs valyutadəyişmə məntəqəsinin işçisinə küt alətlə xəsarət yetirib oradan külli miqdarda pul aparmışdı. Polislər tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı onlar odlu silahlardan atəş açaraq bir polis əməkdaşını qətlə yetirib, üçünü isə yaralamışdı. Buna baxmayaraq, elə o vaxt onlardan bir neçəsi tutulub, bir neçəsi isə polislə atışmada öldürülmüşdü.


DOSTLARINLA PAYLAŞ:

oyunlar