Polis Günü münasibətilə Daxili İşlər Nazirliyində mərasim keçirilib
02 İyul 2011 Şənbə 16:43
Polis Günü münasibətilə Daxili İşlər Nazirliyində mərasim keçirilib. Ramil Usubov: "Azərbaycan polisinin cəmiyyətdə nüfuzu yüksəkdir".
Bu gün Polis Günü münasibətilə Daxili İşlər Nazirliyində təntənəli mərasim keçirilib. İlk olaraq tədbirin keçirildiyi zala Dövlət Bayrağı gətirilib, müstəqil Azərbaycanın Himni səsləndirilib.

Mərasimdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək peşə bayramları münasibəti ilə DİN rəhbərliyini və daxili işlər orqanlarının şəxsi heyətini təbrik edib, onların cinayətkarlıqla mübarizədə göstərdikləri şücaətdən danışmış və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov geniş məruzə ilə çıxış edib. O, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin peşə bayramı münasibətilə səmimi təbriklərini və ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb.

Məruzəçi qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ictimai-siyasi sabitliyin sarsılmaz təməlləri üzərində milli yüksəliş xətti davam edir. Dövlətimizin Başçısı - fəaliyyətin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsini daxili işlər orqanlarının ən mühüm vəzifəsi kimi müəyyən edib. Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində sahəvi xidmətlərin, orqan və hissələrin yeni məlumat və axtarış texnologiyaları, avadanlıq və vasitələr ilə təchizatı ən yüksək səviyyədədir. Hazırda cinayətlərin qarşısının alınması, açılması, istintaqı, cinayətkarların axtarışı, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini, yol hərəkəti təhlükəsizliyinin təşkili və digər sahələr üzrə Nazirlikdə 13 informasiya resursu mövcuddur.

Qeyd edilib ki, son 3 ildə fəaliyyətə başlamış “102” və “Təhlükəsiz şəhər” xidmətləri qısa müddətdə öz effektivliyini tam təsdiqləmişdir. Adları çəkilən sistemlər əməliyyat şəraitinə və əməliyyat qruplarının hadisə yerlərinə vaxtında çıxmasına mərkəzləşdirilmiş nəzarəti xeyli gücləndirmiş, bütövlükdə ərazi polis orqanlarının, nizami hissələrin operativliyini və çevikliyini yüksəldib. Təsadüfi deyil ki, 2009-2010-cu illərdə “102” zəng-mərkəzinə daxil olmuş məlumatların sayı əvvəlki illərlə müqayisədə 2 dəfədən çox artıb.

"Təhlükəsiz şəhər" xidmətinin videonəzarət vasitələrinin əhatə dairəsi də mərhələli şəkildə genişləndirilmiş və bu informasiya resursunun fəaliyyətə başladığı dövrdən yol hərəkəti qaydaları əleyhinə olan 47 minə yaxın inzibati xəta, 6000-dən çox hadisə aşkarlanaraq zəruri tədbirlər görülüb.

Bu gün daxili işlər orqanlarında qanunla müəyən edilmiş mühüm vəzifələri layiqincə yerinə yetirə bilən istedadlı və yüksək ixtisaslı kadr potensialı, peşəkar özək formalaşmışdır. Orta və böyük rəis heyətində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi yüksələn xətt üzrə inkişaf edərək 1994-cü illə müqayisədə 58.3 faizdən 90 faizədək, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33.3 faizdən 77 faizədək yüksəlmişdir. Kadrların, xüsusən gənclərin xidmətdə möhkəmlənməsi və inkişafı üzrə tədbirlər də sistemli şəkildə həyata keçirilir.

Artıq 5 ildir ki, xidmətə qəbul müsabiqə və şəfaflıq şəraitində - Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında keçirilən test imtahanlarının nəticələri əsasında aparılır.

Daxili işlər naziri R.Usubov bildirib ki, ümumən, Azərbaycan polisinin cəmiyyətdə nüfuzu yüksəkdir. Bunu ölkədə keçirilən rəy sorğuları da təsdiqləyir. Əminliklə demək olar ki, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənmiş, peşəkar kadr potensialına malik daxili işlər orqanları müasir dövrün təhdidlərinə adekvat cavab verməyə tam qadirdir.

Əldə edilən nailiyyətləri ifadə edən konkret statistika, rəqəmlər də var. Cinayətlərin bütün təzahürləri, xüsusən transmilli mütəşəkkil növləri ilə mübarizədə yüksək göstəricilər əldə edilmişdir. Ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizənin başlanğıcını qoymuş Ulu Öndər Heydər Əliyevin 9 avqust 1994-cü il tarixdə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərmandan ötən dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdə qanunsuz saxlanılan 34 minə yaxın odlu silah yığılıb və qeyd olunan illərdə onun tətbiqilə törədilən cinayətlərin sayı təxminən 11 dəfə azalıb. Bu müddətdə axtarışda olan 78 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 5 tona yaxın narkotik vasitə çıxarılıb. Həyata keçirilən profilaktik tədbirlərin nəticəsi olaraq son illər bir sıra ağır cinayətlərin azalma tendensiyası müşahidə olunur.

Ötən il əhalinin hər 100 min nəfərinə nisbətdə Azərbaycanda ağır və xüsusilə ağır cinayətlərdən olan qəsdən adam öldürmə və ona cəhdlər cəmi 2.7 fakt, quldurluqlar 1.9 fakt, hədə-qorxu ilə tələb etmələr 0.3 fakt, banditizm 0.01 fakt təşkil etməklə əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır.

Təkcə ötən il xidməti vəzifələrinin icrası zamanı 153 əməkdaş xəsarət alıb, 5 nəfər həlak olmuşdur. Bu, heç də adi rəqəm deyil, deyərdim ki, şəxsi heyətimizin xidməti vəzifələrinin icrası zamanı hər cür rəşadətə hazır olduğunun göstəricisidir.

Daha sonra Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi və bir qrup əməkdaşın təltif edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlar, eləcə də bir qrup əməkdaşın mükafatlandırılması barədə DİN-in əmrləri elan edilib. Mükafatlar təntənəli şəkildə, sürəkli alqış sədaları altında öz sahiblərinə təqdim edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar