"Piyadalar, diqqətli olun!"
25 Aprel 2011 Bazar Ertəsi 18:34
Azərbaycanda yol hərəkəti təhlükəsizliyi həftəliyi keçiriləcək
Azərbaycanda “Piyadalar, diqqətli olun!” şərti adı altında yol hərəkəti təhlükəsizliyi həftəliyi keçiriləcək. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, respublikada nəqliyyat vasitələrinin sayının sürətlə artması hərəkət intensivliyinin yüksəlməsi ilə nəticələndiyindən baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması sahəsində əlavə tədbirlərin görülməsinə zərurət yaranıb.

“Təhlillər göstərir ki, cari ilin ilk 3 ayı ərzində respublikada piyadaların vurulması ilə bağlı qeydə alınmış hadisələr ümumilikdə ölkədə baş verən yol nəqliyyat hadisələrinin 43,9 faizini, Bakı şəhərində isə 58,2 faizini təşkil edir. Araşdırmalar göstərir ki, əksər hallarda belə hadisələrin baş verməsində sürücülərlə yanaşı, piyadaların da müəyyən təqsiri var. Məhz buna görə də, piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq əmrinə uyğun olaraq mayın 1-dən 7-dək respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək. Bir həftə ərzində xidməti ərazilərdə piyadaların vurulması ilə nəticələn yol nəqliyyat hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlərin görülməsi, piyadaların yol hərəkəti qaydalarının pozmasının qarşısı almaq məqsədi ilə reydlərin keçirilməsi və bu istiqamətdə KİV-də təbliğatı daha da gücləndirmək, həmçinin təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub”, - deyə Orxan Mansurzadə vurğuladı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar