Penitensiar Xidmətin 14 müəssisəsinin rəisi vəzifədən azad olunub, onların bir hissəsi ədliyyə orqa
29 İyul 2011 Cümə 18:54
Bu ilin birinci yarısında penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində 93 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilən və uzun müddət bağlı qalan bir sıra cinayətlərin üstü açılıb.
APA-nın xəbərinə görə, bu sözləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətində 2011-ci ilin birinci yarısının yekunlarına həsr olunan əməliyyat şurasında çıxış edən Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib.
M. Quliyev qadağan olunan əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizənin xüsusi diqqət mərkəzində olduğunu qeyd edib. Onun sözlərinə görə, ilin birinci yarım ili ərzində penitensiar müəssisələrdə keçirilən əməliyyat-baxış tədbirləri nəticəsində 11940 manat pul, 106 litr spirtli içki, 78 mobil telefon, 161,2 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülüb. Şurada hesabat dövrü ərzində Penitensiar xidmətin 112 əməkdaşının müxtəlif intizam məsuliyyətlərinə cəlb olunduğu, 12 əməkdaşın isə ədliyyə orqanlarından xaric edildiyi bildirilib.

Bildirilib ki, Penitensiar xidmət rəisinin müvafiq əmrləri ilə 2, 5 ,6, 7, 10 saylı cəzaçəkmə müəssisələrinin, Tərbiyə Müəssisəsinin, Həbsxananın, 3 saylı İstintaq təcridxanasının, 8, 9, 12 saylı Məntəqə tipli cəzaçəkmə müəssisələrinin, 2, 4, 6 saylı Xüsusi müəssisələrin və Avtomobil təsərrüfatının rəisləri tutduqları vəzifədən azad olunub, onların bir hissəsi ədliyyə orqanlarından xaric edilib.

Əməliyyat Şurasına yekun vuran M. Quliyev vurğulayıb ki, birinci yarımil ərzində Penitensiar xidmət və onun tabe qurumları tərəfindən qarşıda duran vəzifələr əsasən yerinə yetirilib, müəyyən müsbət nəticələr əldə olunub. Bununla yanaşı, fəaliyyətdə mövcud olan nöqsan və pozuntuların aradan qaldırılması, fəaliyyətin daha da təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar