Baxçaya getməyən uşaqlarda ünsiyyət qurma problemi olur.
6 yaşlı Turanın bildiyi cəmi bir şeir var idi ki, müsahibə vaxtı onu da yaddan çıxartdı. Saymağı da baxdığı cizgi filmindən öyrəndiyini deyir. Anasının dediyinə görə, evlərinin yaxınlığında barmaqla sayılacaq qədər baxça var və Turanı bağçaya qoymaq üçün həmin məktəbəqədər təhsil müəssələrinə də müraciət edib. Aldığı cavab isə “yerimiz yoxdur” olub.
Əslində, paytaxtda baxçaların sayının az olması məsələsi dəfələrlə gündəmə gətirilib. Bağçaların azlığı və onların Bakı şəhər İcra hakimiyyətinin tabeçiliyinə veriləndən sonra qruplara normadan artıq uşaqların qəbul edilməyəcəyi ehtimalı baxçaya getməkdən məhrum olan uşaqların sayını artırdı. Uşaq Hüqüqları üzrə QHT Alyansının sədri Nazir Quliyevin sözlərinə görə, Bakıda baxçaların sayı məktəbəqədər təhsil alacaq yaşda olan uşaqların yalnız 30%-nin təlim-tərbiyə almasına imkan verir.
Alyans sədrinin fikrincə, məktəblərdə tətbiq olunan kurikulum sisteminin ağırlığı məktəbəqədər təhsili vacib edir. Həkimlər də baxçaya getməyən uşaqların psixologiyasında və gələcək inkişafında bir sıra fəsadların yaranma ehtimalının olduğu qənaətindədir. Həkim-psixiatr İradə Cabbarova deyir ki, baxçaya getməyən uşaqlarda, ilk növbədə, sosial adaptasiya problemi olur.