Palmali tanker sayını artırır
04 Aprel 2014 Cümə 17:26
Palmali Şirkətlər Qrupu (ŞQ) Armada seriyalı 5 tankerin tikintisi üzrə yeni saziş bağlayıb.
ANS PRESS-in məlumatına görə, “Palmali” ŞQ bununla bağlı Türkiyənin “Armada Shipyard” tərsanəsi ilə müqavilə imzalayıb. Anlaşmaya görə, “Armada” RST22M layihəsinin yeni seriyasından hər birinin dedveyti (subasarı) 7150 ton olan qarışıq çay-dəniz tipli 5 tanker düzəldiləcək. Qrupun mətbuat xidməti bildirir ki, yeni seriyadan olan ilk tanker 2015-ci ilin may ayına hazır olacaq.
“Palmali” ŞQ sifarişi ilə “Armada” seriyasından olan ilk 10 gəmi 2002-2006-ci illərdə Türkiyənin SELAH və ADA tərsanələrində düzəldilib.
Hazırda Türkiyənin “Beşiktaş” tərsanəsində bu tankerlərin ikinci seriyasının tikintisi başa çatdırılır. “Armada” layihəsindən olan yeddinci gəminin adı “Şövkət Ələkbərova” olacaq və o, suya 30 aprel 2014-cü il tarixdə salınacaq. Saziş başa çatdıqdan sonra “Palmali” donanmasının tərkibində “Armada” layihəli 22 tanker olacaq.
2017-ci ilə qədər “Palmali” ŞQ yük donanmasını 20-dən çox RST 12, RST 22M layihəli gəmilərlə böyütməyi planlaşdırır.
DOSTLARINLA PAYLAŞ: