Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının növbəti iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən ANSPRESS-ə verilən məlumata görə, iclasda 2009–2010–cu illərin ov məsələsi Şura üzvləri tərəfindən müzakirə edilərək 06 iyun 2009–cu il tarixindən etibarən ov mövsümü açıq elan edilib.
Nazirlik vətəndaşların nəzərinə çatdırır ki, hazırda ov mövsümü yalnız məməli heyvanlar üçün açılıb. Prezidentin 16 fevral 2006-cı il tarixli Sərəncamı ilə yaradılmış “Azərbaycan Respublikası ərazisində quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsinə dair Dövlət Komissiyası”nın müvafiq qərarı olduğu təqdirdə ölkə ərazisində quş ovuna qoyulmuş qadağa götürülüb və bu ov obyektlərinə icazə verilə bilər.
Respublika ərazisində 2009–2010–cu illərin ov mövsümündə vəhşi heyvanların ovlanmasının müddətləri və normaları aşağıdakı kimi təyin edilmişdir:
06 iyun –20 oktyabr 2009–cu il tarixlərində təkənin 1 baş olmaqla ovlanması yalnız 3 nəfərdən az olmayan ovçu qruplarına icazə verilir;
• 13 sentyabr–28 dekabr 2009-cu il müddətində qabanın (çöl donuzu) 1 baş olmaqla ovlanması yalnız 3 nəfərdən az olmayan ovçu qruplarına icazə verilir;
• 13 dekabr 2009–cu il –01 fevral 2010–cu il müddətində 2 baş dovşanın ovlanması yalnız 1 ovçuya icazə verilir;
• 18 oktyabr 2009–cu il–28 fevral 2010–cu il müddətində bataqlıq qunduzunu (nutriya) təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün icazə verilir.
Azərbaycan Respublikasının ərazisində bəzi heyvanların (çaqqal, yenot) saylarının tənzimlənməsi məqsədilə il boyu ovlanmasına icazə verilə bilər.
Respublika ərazisində ova yalnız ov mövsümü ərzində ov icazəsində göstərilən günlərdə icazə verilir. Respublikada ov fəaliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti şöbələri tərəfindən verilən birdəfəlik ov icazələri əsasında aparılır.
Birdəfəlik ov icazəsinin qiyməti dovşana 2 manat 20 qəpik, çaqqala 3 manat 96 qəpik, yenota və qunduza 1 manat 65 qəpik, təkəyə 24 manat 75 qəpik, qabana (çöl donuzu) 16 manat 50 qəpik təşkil edir.
Xarici ovçulara ov icazəsinin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 №-li Qərarına müvafiq olaraq müəyyən edilir, ov normaları Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti ilə bağlanılmış müqavilələrə əsasən tənzimlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ov həvəskarlarını diqqətli olmağa və bioloji müxtəlifliyə qayğı ilə yanaşmağa çağırır./ANSPRESS/