Ötən il xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunmuş 2 nəfər ifşa edilib
30 Yanvar 2010 Şənbə 00:40
Elçin Quliyev: “2009-cu ildə 3 milyon 52 min manat dəyərində qaçaqmal tutulub”
Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində aparılmış tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş 2 nəfər və onlarla əlaqədə şübhəli bilinən 12 şəxs barədə müvafiq tədbirlər görülüb. Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) mərkəzi aparatında 2009-cu ilin yekunlarına həsr olunmuş müşavirədə DSX-nin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev deyib. Onun sğzərinə görə, terrorçuluğa qarşı mübarizə çərçivəsində qanunsuz silahlı qruplaşma üzvü olan 6 nəfər yaxalanıb, 3 nəfər zərərsizləşdirilib. “Meşə qardaşları” terror dəstəsinin 10 üzvünün qonşu dövlət ərazisinə keçməsinin qarşısı alınıb, silahlı dəstəyə məxsus xeyli silah-sursat, külli miqdarda ərzaq, geyim əşyaları, texniki və məişət avadanlıqları aşkarlanıb.

DSX rəisi bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın İran ilə sərhədinin 132, Ermənistan ilə isə 733 kilometrinin işğal edilməsi, sərhədin yaxınlığında və Xəzər dənizində əməliyyat şəraitinin gərgin olaraq qalması, narkotik maddələrin tranziti, qaçaqmalçılıq və digər məqsədlərlə dövlət sərhədinin pozulması, xidmətdə olan sərhəd naryadlarına silahlı müqavimət göstərilməsi və s. sərhədlərin mühafizəsinə təsir edən əsas amillər olub. E.Quliyev 2009-ci ildə dövlət sərhədi və sərhəd rejimi pozuntularında iştirakı olan 4 min 899 nəfərin saxlanıldığını, bunlardan 355 nəfərin sərhəd pozucusu kimi tutulduğunu deyib. Tutulan sərhəd pozucularının 39,2 faizi Azərbaycandan qonşu ölkələrə keçərkən, 60,8 faizi respublikamıza gələrkən saxlanılıb. Tutulan Azərbaycan Respublikası vətəndaşlarının 49,3 faizi sərhədyanı rayonların sakinləri olublar. DSX rəisi qeyd edib ki, 16 halda terrorçuluq və narkotik maddələrin qanunsuz daşınması ilə məşğul olan silahlı qruplar sərhəd naryadlarına silahlı müqavimət göstəriblər. Nəticədə 3 sərhəd pozucusu yaralanmışdır. Terrorçularla döyüşdə DSX-nin əsgəri Eltun Xaləddin oğlu İsgəndərov komandirlərini və əsgər yoldaşlarını xilas etmək üçün həyatını qurban verərək qəhrəmancasına həlak olub. Əsgərin igidliyi yüksək qiymətləndirilmiş, ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

DSX rəisi məlumat verib ki, ğtən il dövlət sərhədini 119 nəfər saxta, 28 nəfər özgəsinin sənədi ilə və 17 nəfər gizli şəkildə sərhəd nəzarət məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb, axtarışda olan 1045 nəfər tutulub: “Ölkədən çıxışı qadağan edilmiş 347 nəfərin respublikadan çıxmasına icazə verilməyib, girişi qadağan olunmuş 83 nəfər ölkəyə buraxılmayıb, 166 nəfərin pasportu etibarsız olduğu üçün alınıb. Ötən il 665 halda 3 milyon 52 min manat dəyərində qaçaqmal tutulub, 309 kiloqram 109,4 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Ümumi çəkisi 16,8 ton olan 69,1 min yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib. Əməliyyat şəraitinin dəyişməsi və ölkədə keçirilən mühüm tədbirlərlə əlaqədar dövlət sərhədi 125 halda 241 gün gücləndirilmiş üsulla mühafizə edilib”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar