Ötən il Azərbaycanda 26 min 800 uşaq ana bətnində öldürülüb
25 Aprel 2011 Bazar Ertəsi 04:32
“Maidə” surəsinin 32-ci ayəsində buyurulur: “Hər kəs kimsəni öldürsə, o bütün insanları, bəşəriyyəti öldürmüş sayılır”
Neçə-neçə Azərbaycan vətəndaşının ürəyi doğulmadan, elə ana bətnində dayanır. Özü də onların ölümünə qərar verənlər özgələri yox, elə doğma ana - ataları olub. Söhbət hamiləliyin süni surətdə pozulmasından- abortdan gedir. Hər gün minlərlə günahsız cana qəsd edilir, gözlər önündə ən böyük cinayət- insan qətli törədilir və bu cinayətin müəllifləri cəzasız qalır. İlan yatmış adamı çalmır, it əl-ayağı bağlı adamı qapmır. Yəni heyvanlar belə müdafiəsiz insanlara hücum etmirlər. Amma bəzi analar öz bətnindəki müdafiəsiz zəif körpəsinin qatilinə çevrilməkdən belə çəkinmirlər.
Araşdırmalar göstərir ki, hazırda dünyada hər 5 hamiləlikdən biri abortla yekunlaşır. Dünyada hər il 55 milyon körpə günəşi görmədən ana bətnində qətlə yetirilir. Azərbaycanda isə 2010-cu ildə 26 min 800 abort faktı qeydə alınıb. Əslində bu rəqəmlərin daha çox olduğu, abortların əksəriyyətinin qeyri-qanuni yolla həyata keçirildiyi və qeydiyyata alınmadığı deyilir. Bu baxımdan statistik rəqəmlər də nisbi xarakter daşıyır. Ginekoloqlar deyir ki, bəzən bətndən çıxarılmış körpə ana və həkimlərin gözləri qarşısında can verir. Abort zamanı ana bütün baş verənləri hiss edir. Bətndəki uşaq isə o anda həyatı uğrunda mübarizə aparır.
Həkim-ginekoloq Gülnarə Sultanqızı əvvəllr abort etdiyini, texnikanın inkişafı ilə artıq bu işi görmədiyini deyir: “Uşaqlıqda bu əməliyyat aparılanda o qaçıb uşaqlığın bir küncündə gizlənir. Uşaq 12 həftədə artıq formalaşır. Gövdə başdan ayrılır. Daxili orqanları olur. Biz çalışırıq bunu valmideynlərə göstərək ki, tam formalaşmış insandır. Bunu necə abort elətdirmək olar? Biz bu təlbliğatı aparırıq. Mən əvvələr abortlar etsəm də bu gün bu aparatdan sonra abort edə bilmirəm. “4D” rejiminin üstünlüyü onldadır ki, uşaq necə gülür necə barmağını sorur necə yatır əsnəyir bunların hamısını görmək olur. Biz deyirik ki abort eləməyin. Canlı bir uşağı öldürürsən. Bəlkə gələcəkdə cəmiyyətə lazımlı biri olacaq”.
Rəqəmlər göstərir ki, Azərbaycanda abortların üçdə ikisinin səbəbi dölün qız olması ilə bağlıdır. Dünyanın bir çox ölkələrində ultrasəs müayinəsi zamanı uşağın cinsinin müəyyənləşdirilməsi qadağandır. Təəssüf ki, Azərbaycan qanunvericiliyində bu barədə boşluq var. Bu səbəbdən də uşağın cinsinə görə, abort elətdirilməsi çoxalır. Statistika göstərir ki, Azərbaycanda doğulan oğlan uşaqlarının sayı qıza nisbətdə çoxalıb. Demoqrafik tarazlıq pozulur. 2011-ci ilin 3 ayı ərzində 39 min uşaq doğulub. Onlardan 53,8 faizi oğlan, 46.2 faizi qızdır.
“Çox vaxt cinsə görə müraciət edirlər. Bu gün statistika göstərir ki, qız uşağının sayının kəskin azalması abortdan irəli gələn məsələdir. Uşaqların sayı azalır. Böyük əksəriyyəti qızlara görə abort elətdirir. Bu hallara çox rast gəlirik. Çox yaxşı olar ki aborta qadağa qoyulsun” – deyə Gülnarə Sultanqızı əlavə edib.
Son illərdə inkişaf etmiş ölkələrin əsas siyasəti insanları doğuşun artmasına təşviq etməkdir. Demoqrafik böhranla üzləşmiş bir çox inkişaf etmiş dövlətlər bu ictimai böhranın qarşısını almaq istiqamətində layihələr hazırlayır və yeni təsir imkanları axtarırlar. Dünya üzrə aparılan araşdırmalar nəticəsində bəlli olub ki, abortların 40 %-i qadınların arzusu ilə, 25 %-i həyat səviyyəsinə görə, 23 %-i sosial göstəricilərə görə, 12 %-i isə tibbi göstəricilərə görə baş verir. Ekspertlər isə niyə abort elətdirirlər? Sualının cavabını mövcud sosial-iqtisadi durumda axtarırlar. Ekspertlərə görə, sosial vəziyyət azərbaycanlı ailələrdə uşaqların sayının azalmasına gətirib çıxarıb. Qadınlar uşağı dünyaya gətirməmək üçün lazım olduğundan da çox hamiləliyi pozmaq üçün həkimə müraciət edirlər.
Ekspert Nigar Hüseynqızı isə bəzən həkimlərin abort üçün təşviq etdiyini deyib: “Çox vaxt həkimlər işin aborta gətirib çıxarılmaması üçün işlər aparırlar. Rusiyada da demoqrafik vəziyyətlə əlaqədar bu istiqamətdə iş görülür. Əlavə güzəştlər verilir. Bu gün insanlar aborta qurtuluş kimi baxmasınlar.
Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi özünün demək olar ki, bütün illik hesabatlarında “ailə planlaşdırmasının əsas vasitələrindən biri kimi, abortun geniş istifadə edilməsi narahatçılıq doğurur” ifadəsinə yer verir. Komitənin əməkdaşları, abortun ailələr, qadınlar və nəhayət, ölkə üçün fəlakətə çevrilməkdə olduğuna dair həyəcan təbili çalırlar. Çünki abortlar həm ölkə vətəndaşlarının sayının süni surətdə azaldılmasına səbəb olur, həm də qadınların sağlamlığına ciddi zərər vurur. Hətta abortun nəticəsi olaraq onlarla qadın ölür, əksər hallarda isə qadınlarda xoşagəlməz ginekoloji, onkoloji xəstəliklər, şəkər, qan təzyiqi, sonsuzluq, bağırsaq və böyrəklərin zədələnməsi, ürək çatışmazlığı yaranır. Abort sonrakı uşaqların anadangəlmə qüsurla doğulmasına da səbəb ola bilir. Komitə öz hesabatında tövsiyə edib ki, BMT-nin əhali fondunun köməyilə, ailə planlaşdırması sahəsində müvafiq proqramlar hazırlansın, abortlara gələcəkdə yol verilməsin.
Ailə qadin və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova maarifləndirmə ilə bu problemin qarşısının alına biləcəyini deyir: “Uşaq hüquqları baxımından bu düzgün deyil. Qız uşaqlarının dünyaya gəlməsi azalır. Bu problem var. Ən güclü təsir maarifləndirməkdir. Rəsmi dövlət təəfindən qadağn edilməsi də insan hüquqlarının pozulmasıdır. Uşağın hüququ var dünyaya gəlsin. Bunu pozduqda məsuliyyət valideynin üzərinə düşür. Bir yol var, o da maarifləndirməkdir”.
Abotları ilk dəfə sovet hökuməti leqallaşdırıb. “Qadınların sağlamlığının qorunması haqqında” qanunda abortların pulsuz və könüllü olması əksini tapıb. 1980-ci illərin sonunda SSRİ abort sayına görə dünyada birinci yeri tuturdu. Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Misir, Çili, Əfqanıstan, İran, İraq, Yəmən kimi ölkələrdə abort tamamilə qadağandır. Bu ölkələrdə abort daxili orqanlara qarşı cinayət sayılır. Azərbaycanda isə qanunvericilik, abortları qadağan eləmir. Amma cinayət məcəlləsinin 116-cı maddəsinə görə, qadını abort etdirməyə məcbur eləmək cinayət məsuliyyəti yaradır. Parlamentdə də abortun qadağan olunması ilə bağlı təkliflər səslənib. Amma bu sözsüz ki 125 millət vəkilinin qərar verəcəyi iş deyil. Ümumi ictimai rəy də öyrənilməlidir.
Milli məclis sosial - siyasət komitəsinin sədr müavini Musa Quliyev bu məsələnin qarşısını almağın vacib olduğunu hesab edir: “Hansısa şəkildə bu məsələnin qarşısı alınmalıdır. Xəstə olarsa aborta icazə verilə bilər. İstədik qadağa qoyaq. Tibb aləmi ilə müzakirələrdə isə dedilər ki, bu korrupsiya və gizli sövdələşmələrə səbəb olar. Reproduktiv və ailə planlaması haqda qanun layihəsinə müddəalar salınacaq. Cinsə görə abort da burda əksini tapacaq”.
Dində aborta münasibətə gəlincə, “Qurani-Kərim”də “Maidə” surəsinin 32-ci ayəsində Rəbbimiz buyurur: “...Hər kəs kimsəni öldürsə, o bütün insanları, bəşəriyyəti öldürmüş sayılır...”. Allah özünün həyat verdiklərinin hamısın sevir, onları öldürənləri lənətləyir. Ana bətnində özünü müdafiə etmək imkanı olmayan canlının öldürülməsi İslamda bağışlanmaz günah sayılır.
Axund Haci Surxay Məmmədli də İslamda abortun haram buyurulduğunu deyir: “İslam dini abortu günah bilir. İnsan şəkli alıbsa bu canlıdır. Canlını da öldürmək günahdır. Allahtala insana dəyər verdiyi kimi ana bətnində onu qorumaq, saxlamaq ən ümdə borcdur. Xalqın ən yaralı yeri övlad dünyaya gələndən sonra onun ruzisi necə oladaqdır. Minlərlə ərəbin öz qız uşaqlarını öldürməsi faktı var. Allah Tala deyirdi. “İnsana deyin övladını öldürməsin. Maddi təminatı Allah verir”. “Qurani Kərim”də də deyilir. “Madiyyat allahın əlindədir”.
DOSTLARINLA PAYLAŞ: