Ötən ay qum və çınqıl bahalaşıb
18 Oktyabr 2011 Çərşənbə Axşamı 16:58
Ötən ay qum və çınqıl bahalaşıb. Armaturun qiymətində də artım müşahidə edilib.
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən 2011-ci ilin sentyabr ayı ərzində Bakı şəhərinin müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 38 adda 88 növdə tikinti materialının növbəti monitorinqi aparılıb. Birlikdən ANS PRESS-ə verilən məlumata görə, avqust ayı əsasən sabitlik və passivliklə yadda qalmışdısa, sentyabr ayı tikinti materialları bazarında istər aktivlik, istər qiymət baxımından artımla müşahidə edilib. Mövsümlə əlaqədar olaraq baş verən canlanma 38 adda məhsuldan 14-ü üzrə qiymət artımına səbəb olub. Yerli tikinti materialları arasında ən çox bahalaşma cədvəldən göründüyü kimi, daşınma xərclərinin təsir etdiyi qum və çınqılda qeydə alınıb.
İdxal olunan kimyəvi elementlərin qiymətlərinin artması nəticəsində “Baku Steel Company” istehsalı olan armaturda da artım müşahidə edilib. Ən çox bahalaşma müşahidə edilən idxal məhsulları sırasında sink təbəqəni qeyd etmək olar (10,9 faiz). Əhəmiyyətli dərəcədə qiyməti artması müşahidə edilən tikinti materialları sırasında izolyasiya, şüşə və laminatın da adı var.
Qum + 4,3
Dəmir boru +3,0
Çınqıl +14,3
Dəmir təbəqə +5,2
DSP +4,6
Sink təbəqə +10,9
DVP +3,2
Katinka +4,3
Armatur +2,5
Şüşə +10,8
Künyə +3,5
İzolyasiya +21,2
Şveller +0,7
Laminat-parket +1,3
Sahibkarların bildirdiklərinə görə, sentyabr ayında taxta bazarında bolluq yaranması bu məhsul üzrə qiymət azalması ilə nəticələnib. Mişar daşının qiymət azalmasını isə daş karxanalarındakı qiymət dəyişkənliyi ilə əlaqələndirmək mümkündür.
Mişar daşı -8,9
Şifer -5,4
Taxta - 7,1
Lamibirin -7,1
Dikt - 1,6
Elektrod -3,6
Digər tikinti materialları üzrə qiymətlər sabit qalıb.
Bu ilin sentyabr ayında müşahidə edilən bahalaşmanın orta qiymət göstəricisi ötən ayla müqayisədə 1,73 faiz təşkil edib. İlin əvvəli ilə müqayisədə bu qiymət fərqi 18,8 faiz, ötən rübün müvafiq dövrü ilə müqayisədə 3 faiz artımla qeydə alınıb. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə isə qiymət artımı 23,1 faiz təşkil edib.
Araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan məhsulların bazardakı həcmi, ötən ayla müqayisədə, idxal məhsullarını 1,4 faiz üstələyərək 51 faiz olub.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: