Ötən ay Azərbaycandan 1500-dən çox əcnəbi çıxarılıb
03 Avqust 2012 Cümə 15:57
1393 əcnəbi barəsində Azərbaycan ərazisini 48 saat ərzində tərk etmə qərarı qəbul edilib.
Bu ilin iyul ayında 1859 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. ANS PRESS-in Dövlət Miqrasiya Xidmətindən (DMX) mətbuat şöbəsinə istinadən verdiyi məlumata görə, onlardan 298 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1393 əcnəbi barəsində Azərbaycan ərazisini 48 saat ərzində tərk etmə, 108 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Ümumilikdə, ay ərzində DMX -nə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4676 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Ay ərzində işəgötürənin ölkə qanunvericiliyinin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə DMX-nin əməkdaşları tərəfindən bir sıra sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində mövcud qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilmiş bir sıra sahibkarlıq subyektləri və əcnəbilər barəsində müvafiq tədbirlər görülüb.
DOSTLARINLA PAYLAŞ: