On üç yaşlı azərbaycanlı Ginnesin Rekordlar Kitabına düşə bilər
08 Dekabr 2009 Çərşənbə Axşamı 14:55
Azərbaycanda noyabr ayının sonlarında sərbəst şəkildə paraşütlə tullanmış 13 yaşlı yeniyetmə ilə bağlı Ginnesin Rekordlar Kitabına müraciət olunub.
Bu barədə APA-ya açıqlamasında Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının (KHVTİC) sədri polkovnik Novruzəli Orucov məlumat verib.

N. Orucovun sözlərinə görə, Bakının Nəsimi rayonundakı texniki-humanitar litseyin doqquzuncu sinif şagirdi, 13 yaşlı Rüstəm Orucov bu ilk uçuşu ilə Azərbaycanda və MDB məkanında «Ən gənc idmançı-paraşütçü» rekordu qazanıb. Aparılan araşdırmalara görə, hələ ki, dünyada müstəqil və sərbəst şəkildə bu yaşda təyyarədən paraşütlə tullanan olmayıb: «Amma hər halda rəsmi cavab Ginnesin Rekordlar Kitabından gələcək».

N. Orucovun sözlərinə görə, 13 yaşlı yeniyetmə KHVTİC-in Balakən Aviasiya Mərkəzində 800 metrdən artıq yüksəklikdən paraşütlə tullanıb.

Təşkilat rəhbəri bildirib ki, Ginnesin Rekordlar Kitabına bir həftə əvvəl müraciət olunub. Sabah və ya dekabrın 10-da qarşı tərəfdən cavab gözlənilir.

«Bu il Azərbaycan paraşütlə tullanmada iki rekord vurub. Sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev 74 yaşında MDB məkanında yaş rekordunu qıraraq, 1500 metr hündürlükdən paraşütlə tullandı. Bu yaş həddinə görə, Dadaş Rzayev dünya üzrə ilk üçlükdə qərarlaşıb. Rüstəm Orucovun göstəricisi isə ikinci rekorddur», - deyə N. Orucov vurğulayıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar