Azərbaycanda əmək pensiyası alan şəxslərin 1.292 602 nəfərə çatıb. Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, 01.07.2009- cu il tarixə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı bu ilin əvvəli ilə müqayisədə 17 464 nəfər artaraq 1.292 602 nəfərə çatıb. Onlardan 512 167 nəfəri kişi, 780 435 nəfəri qadındır.
Qadınlardan 380 540 nəfəri çoxuşaqlı analardır. Bundan başqa, əmək pensiyası alanların arasında dövlət qulluqçusu kimi pensiya alanların sayı 9692 nəfər təşkil edir. Ümumilikdə əmək pensiyaçılarının 129 513-ü işləyən pensiyaçılardır.
Əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı isə 308 670 nəfər təşkil edir. Onlardan 22 276 nəfəri 1-ci qrup, o cümlədən 7580 nəfəri 1-ci qrup gözdən əlillərdir. Əmək zədəsi və peşə xəstəliyi ilə əmək pensiyası alan şəxslərin sayı isə 4582 nəfərdən ibarətdir.
Bundan başqa, 37 031 nəfər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərdir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 138 146 nəfər təşkil edir. Onlardan 22-i Azərbaycan Milli Qəhrəmanlarının ailə üzvləridir.
Qeyd edək ki, əmək pensiyası – «Əmək pensiyaları haqqında» Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir.
Əmək pensiyasının 3 növü var: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.
62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.
Əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş və ya sağlamlıq imkanları məhdud sığortaolunana bir il sosial sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığortaolunana isə 1 il sosial sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sosial sığorta stajı olduqda təyin edilir.
Ailə başçısını itirməyə görə əmək pensiyası isə vəfat gününədək ailə başçısının yuxarıda göstərilən qaydada (əlilliyə görə əmək pensiyası hüququ yaranması şərtlərinə uyğun) sosial sığorta stajı olduqda təyin edilir./ANSPRESS/