Ölkədə nəqliyyatın hərəkəti iflic olub
05 Fevral 2010 Cümə 20:35
Ölkədə nəqliyyatın hərəkəti iflic olub. Hava limanı və dəmir yolu vağzalında gecikmələr davam edir.
Bu gecədən başlayan və respublika ərazisində hazırda da hökm sürən soyuq hava şəraiti Azərbaycanın nəqliyyat sisteminin fəaliyyətinə ciddi zərbə vurub. Belə ki, hava şəraiti ilə əlaqədar Heydər Əliyev beynəlxalq hava limanında bir sıra reyslər təxirə salınıb, bir neçə reys qəbul edilməyib.
Azərbaycan Hava Yolları Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin sözlərinə görə, Bakı beynəlxalq hava limanı günorta saatlarına qədər təyyarələri nə qəbul, nə də yola sala bilib. Ancaq günortadan sonra bir sıra beynəlxalq uçuşlar həyata keçirilib. Bakıya gələn bir sıra təyyarələr isə görünüş məsafəsi çox kiçik olduğundan digər hava limanlarına yönəldilib.
Məhərrəm Səfərlinin sözlərinə görə, aeroportda dayanan təyyarələrin hamısı uçuşa tam hazırdır. Onlara buza qarşı xüsusi mayelər də vurulub. Onun bildiridiyinə görə, ləngimə 24 saatdan çox olarsa sərnişinlər mehmanxana və isti yeməklə təmin ediləcəklər.
Qeyd edək ki, Bakıya gələn bir sıra təyyarə reysləri digər ölkələrin hava limanlarına yönləndirilib. Onların arasında Kiyevdən Bakıya gələn təyyarə və ANS-in əməkdaşı Ayaz Nizamioğlu da olub.
Pis hava şəraiti Bakı beynəlxalq avtovoğzalının da işini çətinləşdirib. Avtovoğzal rəhbərliyinin sözlərinə görə, bu gün sərnişin azlığı müşahidə olunur. Bu səbəbdən xəttə buraxılan avtobusların sayı azaldılıb.
Fevralın 4-dən 5-nə keçən gecə Azərbaycan ərazisində yağan güclü qar nəticəsində dəmir yolunda qatarların hərəkətində müəyyən fasilələr yaranıb. Respublika daxilində hərəkət edən sərnişin qatarlarının hərəkətinə surət məhdudiyyəti tətbiq olunub və bu səbəbdən gecikmələr yaranıb.
“Adətən respublikanın rayonlarına avtomobillə gedən sərnişinlər bu dəfə qatarlardan yararlandıqlarından dəmir yolu vağzalında sərnişin sıxlığı yaranıb”,-deyə Bakı dəmir yolu vağzalının rəisi İlyas Məmmədov. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: