Ölkədə bal niyə bahadır?
02 Aprel 2011 Şənbə 16:13
Ölkədə bal niyə bahadır? Bunu yerli arıçıların dilindən öyrənək.
Ölkədə bal çox baha satılır. Yerli bazarlarda isə xalis bal tapmaq olmur. Arıçılığın problemlərini Astara arıçıları danışıb.

Arıçılıq Astarada dədə-baba peşələrindən hesab edilir. Amma son illərdə geniş təbii imkanlara malik olan rayonda bu sahə inkişaf etməkdənsə, geriləmələr müşahidə olunur. Səbəbini arıçılar müxtəlif amillərlə izah edirlər.

Qeyd edək ki, Astara cənub bölgəsinin əsas arıçılıq rayonu hesab edilir. Rayonun dağ kəndlərində əhalinin əksəriyyəti çörəyini bu sahədən çıxarır. Amma arıçılar indi bu sahənin kifayət qədər rentabelli olmadığından şikayətlənirlər. Onların fikrincə, bu sahədə yaranmış problemlərin öhdəsindən arıçılar təklikdə gələ bilməz.

Astara Arıçılıq Assosiasiyasının sədri Arif Nəzirov bildirib ki, ilk növbədə arıçılığa dövlət dəstəyi lazımdır: “Dövlət himayədarlığı, güzəştli kreditlərin verilməsini istəyirik. Camaatın ona böyük ehtiyacı var. Bu barədə biz fonda da müraciət etmişik, hələlik kredit, yardım ala bilməmişik. Arı ailələrinin artırılması, damazlıq arıların yetişdirilməsi üçün təsərrüfatlar yaranıb, amma dövlət dəstəyinə ehtiyac var”.

Astara Arıçılıq Assosiasiyası 2009-cu ilin fevralında yaradılıb. Əsas məqsəd bu sahənin inkişafına mane olan amillərin kollektiv şəkildə aradan qaldırılması olub. Yarandığı ilk aylarda 15 arıçı bu assosiasiyaya üzv olmuşdusa, hazırda onların sayı 80 nəfərə yaxındır. 2 il müddətində bəzi problemlər qaydasına qoyulsa da, həllini gözləyən məsələlər də çoxdur. Elə arıçıları narahat edən də bu problemlərin onları uzun müddət müşayiət etməsidir.

Arıçı Əzizağa İbrahimov balın baha olmasını arı ləvazimatının çox baha olması ilə izah edib: “Bunu başqa yerlərdən alırıq, baha başa gəlir. Ona görə də məcburuq balı 15-20 manata sataq. Ləvazimat ucuz olanda mən 100-150 arı saxlaya bilərəm. Amma imkanım yoxdur, gücüm var, maddi köməkliyim yoxdur”.

Arıçıların fikrincə, bu gün Azərbaycan bazarında xalis bal tapmaq çətindir. Bu məhsulu çeşidləmək üçün xüsusi laboratoriya olmadığından işbazlar saxta balı təmiz mal adı ilə satır, həqiqi arıçıların imicinə böyük ziyan vururlar.

Qeyd edək ki, Azərbaycan bazarında balın qiymətinin baha olmasının səbəblərindən biri də tədarük məntəqələrinin olmamasıdır.

Osman Nəzirov isə balın baha olmasını arıçının öz malını bazarlara aparmasının əlavə maliyyə itkisinə səbəb olması ilə izah edir. Azərbaycanda bir tədarük bazası olsa, yerlərdə məhsulu təhvil verə bilsək, münasib olardı. Faktiki bazarda 15-20 manata olan balı 12-10 manatdan, bir azda aşağı qiymətə verməyə hazırıq”.

Arıçılar deyir ki, bal arıçılıqda ən sonuncu məhsuldur. Müalicəvi əhəmiyyətinə görə vərəm, bərəmum, güləm, arı südü, arı zəhəri, prapolis daha qiymətlidir. Hazırda tibdə böyük ehtiyac duyulan bu məhsullar Azərbaycana xaricdən gətirilir. Halbuki yerli şəraitdə bu məhsulların daha keyfiyyətli istehsalını təşkil etmək mümkündür.

Qeyd edək ki, rayonlarda bu sahənin inkişafı həm də əhalinin məşğulluğu probleminin həlli olardı. Astaranın dağ kəndlərində arıçılıq yeganə dolanışıq sahəsi olduğu üçün onun inkişafı gəncləri kəndlərə bağlaya bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar