Bu il ölkə vətəndaşlarının Azərbaycanda istirahətə üstünlük verəcəkləri ehtimal olunur. Turizm şirkətlərinin nümayəndələri bunu əksər yerli turizm obyektlərində edilən endirimlərlə əlaqələndirirlər. Azərbaycandan xaricə üz tutan vətəndaşlarımızın bu ilki seçimini isə proqnoz etmək bir qədər çətindir. Məlumat üçün deyək ki, ötən il azərbaycanlı turistlər üçün dəbdə olan ölkələr Türkiyə və Ərəb dövlətləri olub.
Bu gündən Azərbaycanda rəsmi olaraq turizm mövsümünün açılışı elan olunub. Mədəniyyət və Turizm Nazirliyi bu gündən başlayaraq ölkəyə gələn və ölkədən gedən turistlərin sayını hesablayacaq. Turizm şirkətləri isə artıq ayın əvvəlindən turistlərin qəbuluna başlayıb. Turizm şirkətlərinin rəhbərləri bildirir ki, ötən illə müqayisədə yerli turizm daha çox inkişaf edib.
Ötən illə müqayisdə isə Azərbaycandan xaricə gedən turistlərin sayı azalıb. Azərbaycandan daha çox xarici ölkələrə müalicə məqsədi ilə sanatoriyalara gedən turistlərin sayı çoxluq təşkil edir.
Turizm şirkətinin rəhbəri Fayis Məmmədovun verdiyi məlumata görə, Bakının özündə, habelə Azərbaycanın müxtəlif yerlərində istirahət zonalarında xidmətlərdə qiymətlərdə endirim var: «Bu, Azərbaycan əhalisi üsün sərf edir ki, onlar öz istirahətlərini Azərbaycan ərazisində keçirsinlər».
Turizm şirkətinin rəhbəri Rüfət Hacıyev isə bildirir ki, əvvəllər ölkə vətəndaşları şirkətə xaricə istirahətə getmək üçün müraciət edirdisə, indi ölkə ərazisində istirahətlə maraqlanırlar. Onun sözlərinə görə, son bir ildə ölkəyə daxil olan və ölkədən göndərilən turistlərin sayı eynidir. Azərbaycana ərəb ölkələrindən maraq artıb. Küveyt və Qətəri xüsusi ilə qeyd etmək olar.
Turizm şirkətinin rəhbəri Fayis Məmmədov isə bildirir ki, son bir il ərzində daha çox İrandan turist qəbul ediblər.
Turizm şirkətləri bildirir ki, yeni Bakı- Məşhəd reysi açılır. İyulun 8-dən Məşhəddə bir həftə qalmaq həm istirahət, həm ziyarət etmək 3 dəfə yemək və 4 ulduzlu otel cəmi 535 dollar təşkil edəcək. Ancaq eyni 4 ulduzlu oteldə Türkiyədə 1 həftəlik istirahət etmək bilet qiyməti ilə bir yerdə 700-800 dollara başa gəlir. Azərbaycanda isə 4 ulduzlu oteldə daha ucuz və keyfiyyətli istirahət mümkündür. Turizm şirkətinin rəhbəri Fayis Məmmədov bildirir ki, Azərbaycan daxilində 4 ulduzlu oteldə Azərbaycanın bölgələrində 3 dəfə yeməklə qalmaq təxminən 300 dollara mümkündür: "Azərbycanda Nabranı götürək, 4 ulduzlu oteldə bir həftə istirahət üçün 300-350 dollara başa gəlir. Əgər kim inanmırsa, biz bunu təşkil edə bilərik».
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Azərbaycandan turistlər daha çox Türkiyədə Antalya, Bodrum şəhərlərinə, Uludağa, Gürücstanda isə Bakuriani istirahət mərkəzinə üz tuturlar. Rusiyada əvvələr Kislovodska istirahətə gedən azərbaycanlıların indi demək olar ki, bu bölgəyə marağı azalıb. Rusiya artıq turizm zonası kimi Azərbaycanın turizm siyahılarında aşağı yerləri tutur.
İndi Azərbaycan üçün turizm sahəsində yeni rəqiblər meydana çıxır. İyulun 15-də Tükmənistanda Avazan milli turizm zonasının açılışı olacaq və bu layihə ilkin olaraq Azərbaycana gələn turistləri özünə cəlb edə bilər. Buna görə də Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda turizmin inkişafını nəzərdə tutan və 2007-2016-cı illəri əhatə edən dövlət proqramı üzərində işləri yekunlaşdırmaq üzrədir. Proqramın əsas məqsədi turizm obyektlərində infrastrukturun yaxşılaşdırılmasıdır.
Qeyd edək ki, ötən il türizm fəaliyyətindən 670 milyon dollar gəlir əldə edilib. Bu ilin 1-ci yarısında Azərbaycana 1 milyon 300 min nəfər gəlib ki, onların da 926 mini turistdir. Bunlar əsasən Avropa və Ərəb ölkələrinin, ABŞ-ın, eləcə də Türkiyə və Rusiyanın vətəndaşlarıdır. Bu dövr ərzində ölkədən gedənlərin sayı isə 1 milyon 400 min nəfər olub. /ANS TV/