Öldürülən ərini şəhid kimi qələmə verən qadın barədə cinayət işi başlandı
18 Fevral 2014 Çərşənbə Axşamı 17:11
Saxta sənədlər əsasında sosial müavinət alınmasına dair material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.
Saxta sənədlər əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial müavinət alınmasına dair Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, araşdırmalar zamanı Bakı şəhər sakini Əsli Həsənovanın 1992-ci ildə Rusiya Federasiyasında odlu silahla qətlə yetirilmiş ərinin guya Qarabağ uğrunda döyüşlərdə həlak olması barədə saxta sənədlər əldə edib.
O, 2007-ci ildə “Şəhid ailəsi” statusu almaqla həmin vaxtdan 2014-cü ilin yanvar ayınadək Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən qanunsuz olaraq 4.435 manat məbləğində sosial müavinət almasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: