Nuriyə Əhmədova palataya köçürüldü
05 Aprel 2014 Şənbə 15:56
Həkim: Aktrisa Nuriyə Əhmədova ciddi travma ilə xəstəxanaya daxil olub, bu gün aktrisaya karset geyindiriləcək.
Xalq artisti Nuriyyə Əhmədova reanimasiya şöbəsindən travmotologiya-ortopediya şöbəsinə köçürülüb.
Bu barədə 3 saylı şəhər klinik xəstəxanasının həkimi Nailə Əsgərova ANS PRESS-ə açıqlama verib. O bildirib ki, sənətçinin vəziyyəti ötən gün ilə müqayisədə normallaşmağa doğru gedir:
“Xəstəxanaya çatdırılan kimi müayinə etdik. Ciddi travma ilə xəstəxanaya daxil olmuşdu. Reanimasiyada müayinə olundu, həmçinin neyrocərrah tərəfindən yoxlanıldı. Müayinələrin nəticəsi göstərdi ki, bel fəqərəsinin yan çıxıntısında sınıqlar var. Bu fəsadlaşmamış sınıqdır. Onurğa beyni heç bir zədə almayıb. Digər müayinələrdən də keçib. Bu gün aktrisaya karset geyindiriləcək, bir həftədən sonra isə hərəkət edə bilər”, - deyə həkim bildirib. Nuriyyə Əhmədova bir həftə xəstəxanada saxlanıldıqdan sonra ambulator müayinəsini davam etdirmək üçün evə buraxılacaq.
Xatırladaq ki, Xalq artisti N.Əhmədova ötən gün 11 saylı marşrut üzrə hərəkət edən avtobusda gedərkən sürücü qəfildən əyləcə basıb. Aktrisa müvazinətini itirib və yıxılıb. Nəticədə onurğa sümüyü ciddi zədə alıb. N.Əhmədova dərhal 3 saylı Sabunçu rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
DOSTLARINLA PAYLAŞ: