Novruzəli M. ölümünün səbəbləri açıqlanıb
25 Avqust 2009 Çərşənbə Axşamı 16:42
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun sabiq bölmə müdir Novruzəli Məmmədovun ölümünə damarların trombozu nəticəsində beyin qan dövranının kəskin pozulması səbəb olub.
APA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin bu gün yaydığı açıqlamada bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, N. Məmmədov penitensiar müəssisədə olduğu müddətdə tibbi müayinədən keçirilib, səhhəti daim həkim nəzarəti altında saxlanılıb. Vəziyyəti kafi olub, stasionar müayinə və müalicəyə ehtiyacı olmadığından o, bundan imtina edib. N. Məmmədov bu ilin iyulunda boyun və çiyin nahiyyəsində ağrılarla bağlı Müalicə Müəssisəsinə daxil olub. O, boyun fəqərələrinin osteoxondrozu, sağ tərəfli çiyin pleksiti diaqnozu əsasında müalicə alıb. N. Məmmədov həmçinin Bakı şəhərinin baş endokrinoqu və digər qabaqcıl klinikaların aparıcı mütəxəssisləri tərəfindən tam kliniki, laborotor, instrumental müayinələrdən keçirilib və ona lazımi müalicə kursu təyin edilib. N. Məmmədov yataq xəstəsi olmayıb və özünü müstəqil idarə edə bilib. Lakin 2009-cu il avqustun 17-də məhkumun vəziyyəti qəflətən pisləşib. Onda baş beyin və ürək fəaliyyətinin kəskin pozulması müşahidə olunduğundan xəstənin intevsiv müalicəsinə nazirliyin həkimləri ilə yanaşı Səhiyyə Nazirliyinin reanimasiya sahəsində aparıcı mütəxəssisləri də cəlb olunub. Görülən tibbi yardımlara baxmayaraq xəstənin ürək fəaliyyətinin pozulması proqressivləşib və məhkum N.Məmmədov elə həmin gün dünyasını dəyişib. Məhkəmə-Tibb Ekspertizasının ilkin rəyinə görə, N. Məmmədov vəfatına damarların trombozu nəticəsində beyin qan dövranının kəskin pozulması səbəb olub.

Qeyd edək ki, Novruzəli Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, dini düşmənçiliyi yayma) maddələri ilə ittiham olunaraq, 10 il müddətinə azadlıqdan məhrum edilib. O, bir neçə gün əvvəl Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar