Novruz şirniyyatları
03 Mart 2010 Çərşənbə 12:30
Novruz şirniyyatları. Bayramın atributu olan şəkərbura, paxlava və şorqoğalı necə hazırlanır?
ŞƏKƏRBURA
250 q əla növ buğda unu
60 q ərinmiş yağ
80 q üzlü süd
1 ədəd yumurta
8 q maya
Duz
İç üçün: 200 q badam və ya fındıq
200 q şəkər tozu
0,4 q hil

Südü ilıq olana qədər qızdırın, maya, duz, yumurta, ərinmiş yağ və ələnmiş un qatıb bərk xəmir yoğurun. 1-1,5 saat saxlayın. Hər biri 50 qram olmaq şərtilə balaca kündələr edib 2 mm qalınlığında yayın, arasına iç qoyub kənarlarını vintvari bükün. Üzərinə müxtəlif naxışlar vurub, 160-180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.
İç üçün badamı və ya fındığı qovurub maşından keçirin, 1:1 nisbətində şəkər əlavə edib qarışdırın. Ətirli olması üçün döyülmüş hil qatın.


BAKI PAXLAVASI
250 q əla növ buğda unu
60 q ərinmiş yağ
80 q üzlü süd
1 ədəd yumurta
8 q maya
0,4 q zəfəran
0,2 q vanilin
20 q bal
İçi üçün:
200 q badam və qoz ləpəsi
200 q şəkər

Xəmirin yoğrulması və için hazırlanması şəkərburada olduğu kimidir. Xəmiri 0,5 mm qalınlığında yayın. Tavanın dibinə yağ sürtüb xəmiri ora sərin. Üstünə 3-4 mm qalınlığında iç tökün. İçliyin üstünə ikinci xəmir qatını salıb yağlayın və yenidən içlik tökün. Bu prosesi 8-10 qata qədər davam etdirin. Sonra 10x4 sm ölçüdə romb şəklində paxlava kəsin. Üst qatına zəfəran şirəsi qatılmış yumurta sarısı çəkin. Hər paxlavanın ortasına yarım ləpə və ya püstə qoyub 180-200 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin. Hazır olmağa 15 dəqiqə qalmış üstünə şərbət və ya bal tökün.


ŞOR QOĞAL
30 q maya
1 ədəd yumurta
0,5 litr qızdırılmış süd
1 kq un
250 qr yağ
İç: Buğda unu, duz, sarıkök, istiot, razyana, cirə, ərinmiş yağ.

Şor qoğalı üçün kündələrin sayı mütləq deyil, amma 8-dən az olmamalıdır. Kündələr nazik yayılır, taxtanın üstünə qoyulub hər laya yağ sürtülür. Laylar üst-üstə yığılır. Sonuncu laya yağ sürtülmür. Layları iri kvadratlara doğrayıb onları rulet kimi bükürsüz, burub yastıladırsız və kisəcik şəklinə salırsınız. Kisəciyin içinə iç qoyub, qıraqlarını yığırsız və kökə şəklinə salıb üzüqoylu yığırsız.
Ortasında işarə barmaqla çuxur açıb bir az içdən qoyursuz. Səthinə çalınmış yumurta sürtülür, xaşxaş səpilir və 180 gr. selsiyada 20-25 dəq. bişirilir (qızaranadək). ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar