Nigar Türk bayrağı ilə qısqandırdı
15 May 2011 Bazar 15:57
“Eurovision”dakı ilk qələbəmizdə Azərbaycan bayrağı unuduldu
Dünən Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən cütlük – Eldar və Nigar qalib elan olunan zaman səhnədə maraqlı məqam yaşandı. Sevincindən uçaraq səhnəyə şığıyan Nigar öz bayrağımızı unudaraq əlində qardaş Türkiyənin bayrağını dalğalandırmağa başladı. Ardınca səhnəyə gələn Eldarın əlində Azərbaycan bayrağının olacağını düşünsək də, o əliboş idi. Elə bu andaca fərəh və məyusluq hissləri bir-birinə qarışdı, fikirlər dolaşdı - qalib Türkiyədir yoxsa Azərbaycan?

Əlbəttə qalib Azərbaycandır və qələbə bütün Türk dünyasınındır. Türkiyə bayrağının dalğalanmasında da faciəvi bir şey yoxdur. Lakin bu məqam insanda hardasa qısqanclıq hissləri yaratmaya bilməz. Hər halda Nigarın həyəcandan Türkiyə bayrağını dalğalandırması başa düşüləndirsə, Eldarın milli bayrağımıza bu qədər etinasız yanaşması məyusluq doğurdu. Yəni bu qədərmi diqqətsizik biz?

İndi ortada iki şey var:

Tarixdə bəlkə də bir dəfə nəsib olan möhtəşəm qələbə və unudulan son dərəcə mühüm nüans – Azərbaycan bayrağı.

Məhz bu məqam Türkiyədə alqışla qarşılansa da, Azərbaycanda bir qism insanın haqlı narazılığına səbəb oldu. Və insanlarda bu kimi suallar yarandı:

Görəsən səhnədə ilk olaraq niyə Azərbaycan bayrağı yox, Türkiyə bayrağı dalğalandı? Türkiyə çempion olsaydı analoji addımı atardımı? Və yaxud da Eldar niyə əliboş səhnəyə çıxmışdı?

Bildiyimizə görə, hələ “Eurovision” müsiqi yarışması tarixində hələ belə hadisə olmamışdı. Yəni indiyə qədər, qalib olan tərəf öz ölkəsinin bayrağını əlində “bayraq” edərək səhnəyə çıxmışdı. Odur ki, biz ilk dəfə qalib olmağımızla yanaşı, bir yeniliyə də imza atmış olduq, Nigar xanımın timsalında.

Ola bilsin ki, bu məqsədli şəkildə edilmişdi, yəni Türkiyənin final mərhələsinə adlaya bilməməsi səbəbindən və yaxud da həyəcandan irəli gəlmişdi. Lakin bütün dostluğa, qardaşlığa rəğmən dövlətçilik ənənələri hər şeydən irəlidir. Ümid edirik ki, növbəti belə qələbələrimizdə Azərbaycanın üç rəngli türk bayrağı daima öndə olacaq, bütün qardaşlığa və dostluğa rəğmən. Və bütün min əziyyətlə başa gələn qələbələr də bayrağımızın dalğalanması ilə yekunlaşacaq.

Mən bu məqaləni yazmaqla nə Azərbaycanın möhtəşəm qələbəsinə, nə də ki, Türkiyə-Azərbaycan dostluğuna kölgə salmaq istəmədim. Sadəcə vətəndaşların fikirlərini bölüşdüm. Yuxarıda qoyulan suallara isə xalqımıza son dərəcə möhtəşəm qələbə sevinci bəxş edən Eldar və Nigar özləri aydınlıq gətirəcək.

Sonda Azərbaycan xalqını və bütün Türk dünyasını bu böyük və unudulmaz qələbə münasibəti ilə təbrik edirik.


DOSTLARINLA PAYLAŞ:

oyunlar