Nərmin Hüseynlinin cənazəsi Bakıya gətirildi
11 Mart 2014 Çərşənbə Axşamı 09:15
Martın 10-da Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişən Nərmin Hüseynlinin cənazəsi Bakıya gətirildi.
APA-nın xəbərinə görə, Heydər Əliyev adına Hava Limanında cənazəni qarşılamağa gələnlər arasında Nərminin ailə üzvləri, dostları və onun yardım kampaniyasında yaxından iştirak edən şəxslər var idi.

Türkiyədən Azərbaycana gələn və səhər saat 7-də Bakıya enən təyyarə ilə gətirilən cənazəni Nərminin ailə üzvləri və dostları gözyaşı içində qarşıladılar.

H.Əliyev adına Hava Limanında təxminən yarım saat çəkən sənədləşmədən sonra Nərminin cənazəsi ailə üzvlərinə təhvil verildi.

Qeyd edək ki, yaxınları ona Bakıda səhv diaqnoz qoyulduğunu və yanlış müalicə nəticəsində əməliyyat olunduğunu və beləcə, xəstəliyinin xərçəngə çevrildiyini iddia edirlər.

Nərminin xaricdə müalicəsi üçün 150 min avro lazım idi. Qısa zamanda Nərmin üçün yardım kampaniyası başlanıldı. Kampaniyaya xeyli insan və təşkilat qoşuldu. Hətta məşhurların yardım aksiyasına cəlb olunması bütün diqqəti Nərminə yönəltdi.

Hər kəsdə fevralın 26-da müalicə üçün Türkiyəyə yola salınan Nərminin sağlığa qovuşaraq vətənə qayıdacağı ümidi var idi. Amma, olmadı... Martın 10-da Nərminin ölüm xəbəri gəldi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar