Nəqliyyatı intellektual İdarəetmə Mərkəzindən yenilik
22 Oktyabr 2013 Çərşənbə Axşamı 16:04
Mərkəzin qaynar xətti 24 saat vətəndaşlara xidmət göstərəcək.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 141 qaynar xətti oktyabrın 22-dən etibarən vətəndaşlara 24 saat xidmət göstərəcək. Bu barədə ANS PRESS-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Mərkəzin 141 qaynar xətti 2012-ci ilin aprel ayından həftənin 7 günü səhər saat 07:00-dan gecə saat 23:00-dək fəaliyyət göstərib. 24 saatlıq xidmətə keçməsi isə əhalinin 141 qaynar xəttinə zəng edərək NİİM-in fəaliyyəti, fəaliyyətinə daxil olan xidmətlər, yollardakı vəziyyət, marşrut və istiqamətlər haqqında istənilən vaxt əldə etməsinə imkan yaradacaq.
Fəaliyyətə başladığı gündən bəri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin qaynar xəttinə 51910 zəng daxil olub. Aidiyyəti zənglərin 43%-ni şikayətlər, 56%-ni məlumat xarakterli sorğular, 1%-ni isə təkliflər təşkil edib. Qeyd edək ki, 141 qaynar xətti bundan sonra 24 saat fəaliyyət göstərəcək və fasiləsiz olaraq ictimaiyyətin xidmətində olacaq.
Qeyd edək ki, təklif xarakterli zənglər NİİM tərəfindən araşdırılır və gələcəkdə onların həyata keçirilməsi mümkün olub-olmamasına baxılır. Bundan başqa irad xarakterli sorğular nəzərə alınaraq müzakirə olunur və onlar üzərində işlərə başlanılır. Mərkəzin fəaliyyətinə aid olmayan zənglər, sorğular isə müvafiq aidiyyatı orqanlara yönləndirilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2009-cu ilin aprelindən tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.
DOSTLARINLA PAYLAŞ: