Neft tariximizdən
20 Dekabr 2010 Bazar Ertəsi 17:00
Neft və qaz emalı sənayesi inkişaf yollarında…
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra respublikanın iqtisadi siyasəti də yeni rejimin qanunlarına uyğun aparılmağa başladı. Azərbaycanın zəngin neft yataqları milliləşdirildi. Neft və qaz emalı sənayemizin ikinci mərhələsi hesab edilən 1922-1946-cı illərdə bu sahədə bir sıra həlli vacib məsələlər var idi. Yeni sahələr yaranır, texnika inkişaf edir, çeşidli neft məhsullarına tələbat artırdı. Avtomobil nəqliyyatının, aviasiyanın inkişafı emalda benzin istehsalını və keyfiyyətini yüksəltməyi tələb edirdi. Bunun üçün 1924-26-cı illərdə Bakıda S.Kvitkonun sistemi üzrə ilk sınaq qurğusu tikilib istifadəyə verildi.

Ölkənin ixrac imkanlarının genişlənməsi neft emalının həcmində və keyfiyyətində artım tələb edirdi. Zavodların gücü isə yetərincə deyildi. Qurğuların tikintisinə planlı şəkildə yenidən başlandı. Ölkənin bütövlükdə tikinti sahəsində gerilik var idi. Ona görə də başlanan əsaslı tikinti işləri vəziyyəti kökündən yaxşılaşdırmaq iqtidarında deyildi. Dünya təcrübəsinin ən yeni nailiyyətlərindən istifadə etmək lazım gəlirdi. Neft emalı sənayesində əsas vəsait təzələnməli idi. Problemlərə baxmayaraq, 1920-30-cu illərdə Azərbaycanda neft emalının ümumi həcmi artmaqda idi.

1927-ci ildən Azərbaycanda neft emalı sənayesində yenidənqurma işlərinə başlanıldı. 1927-1928-ci illərdə benzin, kükürd turşusu, karbomid, yağ, kerosin istehsalını təkmilləşdirmək üçün Bakıda güclü qurğular tikilirdi. Neft emalını texniki cəhətdən təkmilləşdirmək üçün 1928-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (AzETİ) yaradıldı.

Həmin illərdə vəziyyət yaxşılaşdı, ağır Binəqədi neftini ilk dəfə emala cəlb etmək qismən mümkün oldu. Ancaq hələ də neftin 27%-i emaldan kənarda qalırdı.

Bakıda 1929-31-ci illərdə «sovet krekinqi» adlanan Şuxov sistemi üzrə krekinq-proses üçün zavod tikildi və SSRİ-də ilk dəfə burada riforminq-prosesi həyata keçirildi. Bir il sonra Şuxov-Kapelyuşnikov-Rüstəmbəyov sistemli krekinq-zavodda SSRİ-də ilk dəfə yüksək hərarətli krekinq-prosesin həyata keçirilməsi sürətli dövr rejimində işləyən mühərriklər üçün yüksək rayihəli benzinlər almağa imkan verdi.

Bakıda fəaliyyət göstərən kiçik neftayırma və nefttəmizləyici zavodların bazasında və baza kimi 1884-cü ildə «Rus-Qafqaz Səhmdar Cəmiyyəti» tərəfindən tikilən zavod da daxil olmaqla, 1930-cu illərdə Stalin adına neftayırma zavodu yaradıldı (1961-1991-ci illərdə «XXII Partiya qurultayı» adına zavod, hazırda «Azərneftyağ» Neft Emalı Zavodu).

Çətinliklərə baxmayaraq, SSRİ hökuməti Bakının neftayırma zavodları üçün xaricdən müasir texnika alırdı. Stalin adına neftayırma zavodu yaradılandan sonra tikinti işləri genişləndirildi. Ölkə partiya qərarlarını, beşillik proqramları yerinə yetirmək həyəcanında olduğu bir zamanda xam neftin tam və mənfəətli surətdə emalı üçün ən yeni qurğulara keçmək lazım gəlirdi. Mühüm vəzifələrdən biri də benzin istehsalını gücləndirmək idi.

1932-ci ildə Bakıda Suraxanı parafinli neftindən təyyarələr üçün yağlar istehsal edən Caparidze adına zavod istismara verildi. Avropada bu, ilk belə müəssisə idi.

1938-ci ildə Bakıda ilk dəfə fulfulorun həlledici kimi tətbiqi ilə yağ distilyatlarının təmizlənməsi üçün zavod tikildi. 1939-cu ildə Bakı qaz zavodu fəaliyyətə başladı.

1941-ci ildə faşist Almaniyası SSRİ-yə hücum etdi. Bakı neftçiləri müharibə illərində həm ölkənin digər neftayırma zavodlarını xam neftlə, həm də cəbhəni yanacaq və digər lazımi neft məhsulları ilə tam təmin etməli idilər. Yeni emal üsulları genişləndi. Ölkənin ən güclü Stalin adına neftayırma zavodunda təyyarə benzininin alınması üçün qurğunun sazlanmasını operator Mehbala Kərimov həyata keçirdi. Yeni texnologiyaların tətbiqi Bakı neftayıranlarına təyyarə benzininin istehsal səviyyəsini müharibədən əvvəlki səviyyədə saxlamağa, keyfiyyətli təyyarə benzinini artırmağa imkan verdi.

Dövlət Müdafiə Komitəsi 1942-ci ilin 24 martında B-78 aviasiya benzini və aviasiya yağı istehsalını yüksəltmək üçün xüsusi qərar qəbul etdi. Bu vaxt Qroznı və Maykop neft emalı zavodları alman qoşunlarının təhlükəsi altında olduğundan, həmin qərarı Azərbaycan icra etməli oldu.

İkinci Dünya müharibəsində SSRİ-nin qələbəsində Azərbaycan neftinin misilsiz rolu oldu. O illərdə neftçilərimiz, neft mütəxəssislərimiz, alimlərimiz əsl fədakarlıq göstərdilər. Akademik Yusif Məmmədəliyevin rəhbərlik etdiyi laboratoriyanın kollektivi 28 gün laboratoriya binasından kənara çıxmadan gərgin elmi axtarışlar apardılar. Onun hazırladığı texnologiyanın istehsalatda tətbiqi aviasiya üçün yanacaq və yağların buraxılmasını 30% artırmağa imkan verdi. Yusif Məmmədəliyevin alkilbenzol istehsalı üsulu Bakıda kütləvi surətdə yüksəkoktanlı komponentlər istehsal etmək üçün yeganə əlverişli üsul idi. Buna görə Dövlət Müdafiə Komitəsi qərara aldı ki, qazlı benzin və yüksəkoktanlı təyyarə yanacaqları istehsalı üçün dəyəri 12 milyon rubl olan zavod tikilsin. Alimin Keşlədə, tikintisi başa çatdırılmamış qozolin zavodunun binasında, müasir tələblərə cavab verməyən texnologiya ilə apardığı təcrübələr uğurlu nəticələr verdi, yüksək keyfiyyətli aviasiya benzini istehsalına səbəb oldu.

Azərbaycan aliminin böyük xidmətləri sayəsində həm də müharibə dövründə partlayıcı maddələrin mühüm tərkib hissəsi olan toluolun yeni istehsal üsulu (sintezi) işlənib-hazırlandı.

Azərbaycanın fəhlə, mühəndis və alimlərinin əməyi sayəsində neft emalı və neft kimyası sahəsində 60-dan çox yeni müəssisə və qurğu tikilib istismara verildi, 200-dən artıq məhsulun, o cümlədən 9 markada aviasiya benzininin, 8 növdə dizel və 36 növdə başqa sürtkü yağlarının, 26 növ mühərrik və partlayıcı vasitələrin istehsalına başlanıldı. Ölkəni 22 milyon ton benzin, lazımi qədər müxtəlif sürtkü yağları, başqa neft məhsulları ilə təmin etdi. Cəbhəyə ümumi neft məhsullarının 75-80%-ni, təyyarə benzininin isə 90%-ni Bakı verdi.

Müharibədən sonrakı ilk beşillik planda (1946-1950-ci illərdə) Azərbaycanın neft-zavod təsərrüfatının müasirləşdirilməsi, neft zavodlarında təsərrüfatın bərpası, xammaldan istifadənin yaxşılaşdırılması, yeni məhsullar hazırlanması da nəzərdə tutuldu. Bu istiqamətlərdə böyük işlər görüldü, on yeni neftayırma müəssisəsi istismara verildi.

SSRİ-nin şərq rayonlarında zavodların tikintisi ləngidiyi üçün 1953-1954-cü illərdə Azərbaycanın neft emalı sənayesi işçiləri qarşısında vəzifə qoyuldu: yeni istehsal qurğuları işə salınmadan ən qısa müddətdə sürtkü yağları istehsalı həcmi artırılmalı idi. İki köhnə mazut emalı qurğusunun və təmizləmə sexlərinin yenidənqurulması yolu ilə bu vəzifəni yerinə yetirmək mümkün oldu. 1953-cü ildən 1956-cı ilədək yağ istehsalı, təxminən, 1,3 dəfə artırıldı və sonralar bu göstərici sabit saxlanıldı.

Dəniz neft yataqlarında hasilatın artması neftayırmanın da inkişafi ilə nəticələnirdi. 1940-cı illərin sonunda ölkədə yüksək keyfiyyətli benzinə tələbat yüksəldiyindən, SSRİ Neft Sənayesi Nazirliyinin qərarı ilə Bakıda katalitik-krekinq qurğuları kompleksinin tikintisinə başlanıldı. Texnoloji qurğular bir neçə il sonra istismara verildi. 1953-cü ilin 29 iyulunda Yeni Bakı Neftayırma Zavodunun (indi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) yaradılması haqqında SSRİ Neft Sənayesi Nazirliyinin əmri verildi.

1950-ci illərin əvvəlləri, 1960-cı illərin ortalarında Azərbaycanın neftayırma sahəsində quruculuq işləri genişləndirildi.

1958-1965-ci illərdə mövcud texnoloci bazanın daxili ehtiyatları hesabına neft emalının illik həcmi bir neçə milyon ton artdı. 1965-1970-ci illərdə Azərbaycandan dünyanın 33 ölkəsinə 53 adda neft məhsulları ixrac olundu, neft emalı və kimya sənayesində yeni proseslər tətbiq edildi. Bir sıra neft və kimya məhsullarının keyfiyyəti yaxşılaşdırıldı, xeyli neft emalı qurğuları inşa edilib işə salındı. Müasir neft-kimya kompleksinin inşasına başlandı. 1961-ci ildə 4,5 milyard kubmetr illik emal gücü olan Azərbaycan Qaz Emalı Zavodu (AzQEZ) istismara verildi.

1962-ci ildən «XXII Partiya qurultayı» adına Bakı neftayırma zavodunda (BNZ) bir sıra tədbirlər həyata keçirildi. 1970-ci ildə dünya standartlarının tələblərinə uyğun yağlar hazırlandı.
Hazırlanan yanacağın keyfiyyətinə görə Azərbaycanın neftayırma zavodları SSRİ-nin neftayırma sənayesində ön sırada dayanırdı. Neft sənayemizin ikinci mərhələsi hesab olunan 1946-1970-cı illər bu qədər gərgin işlər və uğurlarla yadda qaldı. Üçüncü mərhələdə, yəni 1971-1991-ci illərdə də neft sənayemizin inkişaf yolları hamar olmadı.

1970-ci illərdə Qazaxıstanda Manqışlaq yatağının işlənilməsinə başlandı. Lakin burada neftin tərkibində kükürd birləşmələrinin həcmi minimum səviyyədə idi, bərk parafinlər 28%-ə çatırdı. Dövlət Neft Layihələşdirmə İnstitutunun tədqiqatları nəticəsində bəlli oldu ki, yanacaq balansının təminatının ən səmərəli yolu Azərbaycanda Manqışlaq neftinin yanacaq kimi emalı üçün yeni qurğu tikməkdir. Neftin ilkin emalı üzrə iki güclü, müasir, kombinasiyalı ELOU-AVT-6 qurğusu inşa ediləcək, onlarda neftin bütün həcminin təxminən, 50%-i emal olunacaqdı.

Fəaliyyətdə olan 9 neft emalı zavodu, 7 vakuum qurğusu sökülüb, yeni installasiyalar tikilməli idi. Bütün neft emalı qurğuları müasirləşdirilməli, elektrik duzsuzlaşdırma blokları, hava ilə soyuducu aparatlar quraşdırılmalı idi. Gücü olmayan üç qurğudan nadir fərdi keyfiyyətlərə malik Bakı neftlərinin və ya neft qatışıqlarının emalı üçün istifadə olunmalı, keyfiyyət tələblərinə cavab verən məhsullar alınmalı idi. Onların birində Balaxanı yağı, Buzovna və Bibiheybət yüngül neftlərinin ardıcıl emalı ilə yüksək keyfiyyətli benzin komponentləri, «AMQ-10» markalı qış dizel yanacağı, «AY», «MK-8» markalı ox yağı, 3 növdə turbin yağı, «SU» markalı maşın yağı, 38 vahidli silindr yağı və digər istehsalı üçün distillat seçilib götürülməli idi. İkinci qurğu «Neft Daşları» yatağında hasil olunan neftin emalı üçün nəzərdə tutulmuşdu. Üçüncü qurğuda Pirallahı, Qala, Neftçala, Siyəzən neftlərinin qatışığından istifadə edilməli, keyfiyyətli məhsul istehsal olunmalı idi.

Benzin istehsalında əsas diqqət avtomobil benzinlərinin keyfiyyətinin yaxşılaşdırılmasına yönəldildi. Avtomil benizinin əsas istehsalı təkrar proseslər nəticəsində əldə edilməli idi.

1970-ci illərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev neft sənayesinin bütün sahələrinin inkişafına xüsusi diqqət yetirirdi. Azərbaycan SSR Neft ayırma və Neft-kimya Sənayesi Nazirliyi tərəfindən 1976-1980-ci illəri əhatə edən X beşillikdə neft emalı sənayesinin inkişafına dair tərtib edilən plan layihəsi, nəzərdə tutulan yenidənqurma işlərinin 1980-ci ilədək yerinə yetirilməsini məqsəd qoyurdu.
Həmin beşillikdə SSRİ Neft-Kimya Sənayesi Nazirliyi tərəfindən Azərbaycanın neft-kimya kompleksinə əsaslı vəsait qoyuluşu nəzərdə tutulsa da, bu, tikintinin lazımınca genişləndirilməsinə imkan vermirdi. Respublikanın neft zavodlarında yenidənqurma işləri həmin tədbirlər kompleksinə daxil idi. Heydər Əliyevin təşəbbüsü ilə Sov.İKP MK «1976-1980-ci illərdə respublika sənayesinin ayrı-ayrı sahələrinin inkişafına dair Azərbaycan KP MK-nın təkliflərinə baxılmasının nəticələri haqqında» qərar qəbul etdi. X beşillikdə neft zavodlarının əsaslı şəkildə yenidən qurulması işinin həyata keçirilməsi üçün ayrılmış vəsait qoyuluşunun həcmi ötən beşilliklərdəki xərclərdən qat-qat çox idi. Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə Yeni Bakı Neftayırma Zavodunda (YBNZ) layihə gücü ildə 6 milyon ton olan nəhəng ELOU-AVT-6 qurğusu istismara verildi. Qurğunun tikintisi rekord müddətə - iki ilə başa çatdırıldı. 1980-ci ilin dekabrında həmin zavodda bu sahədə dünya lideri - ABŞ-ın “UOP” şirkətinin lisenziyalı layihəsi əsasında, “LİTWİN” (Fransa) firmasının köməkliyi ilə yüksəkoktanlı avtomobil benzinləri buraxan çox mühüm bir istehsal kompleksi – gücü ildə 1 milyon ton neft məhsulu emal edən katalitik-riforminq qurğusu, 1986-cı ildə isə tədrici kokslaşdırma qurğusu istismara buraxıldı.

1976-1981-ci illərdə bir sıra yeni qurğular istismara verildi. 70-ci illərin ortaları, 80-ci illərin əvvəllərində Azərbaycanda xam neft hasilatı azaldı. 80-ci illərin ortalarında burada emal olunan xam neftin, təxminən, 40%-i idxal nefti idi. Hazır neft məhsulları isə dəmir yolu və Xəzər dənizindən gəmi ilə daşınırdı.
1970-1980-ci illərdə bir-birinin ardınca “Bahar”, “Bulla-dəniz”, “Duvannı-dəniz”, “Səngəçal-Xara-Zirə”, “8 Mart”, “Günəşli” kimi iri neft və qaz-kondensat yataqlarının aşkar edilməsi Azərbaycan Qaz Emalı Zavodunun istehsal gücünü artırmaq zərurəti yaratdı.

1991-ci ilədək vahid xalq təsərrüfatı kompleksinin tərkib hissəsi kimi fəaliyyət göstərən Azərbaycan neft və qaz emalı sənayesi ölkə iqtisadiyyatının istehlak tələbatının ödənilməsinə istiqamətləndi.

1992-ci ildən başlayan dördüncü mərhələ respublikamızın neft sənayesi tarixində ilk növbədə onunla yadda qalan oldu ki, müstəqil Azərbaycan dövləti özünü dünyaya yenidən bir neft ölkəsi kimi tanıtdı. 1993-cü ildə respublikaya yenidən rəhbərlik edən ümummilli lider Heydər Əliyev neftayırma müəssisələrində yeni qurğuların istismara verilməsinə diqqətini yönəltdi. İndiki Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) 1993-cü ildə məhsuldarlığı ildə 2 milyon ton olan və yüksək oktanlı benzin istehsalını təmin edən Q-43-107M katalitik-krekinq qurğusu istismara verildi. 1994-cü ildə ABŞ-ın “Petrofak” şirkəti, 1995-ci ildə isə Cənubi Koreyanın “Laki İnjinirinq” şirkəti tərəfindən 2 ədəd (hər zavodda biri) neftin ilkin emalı qurğuları ELOU-AVT-2 tikilib istifadəyə verildi. 2000-ci ildə Avstriyanın “Perner” firmasının texnologiyası əsasında dünya standartlarına uyğun məhsul istehsal edən yeni “Bituroks” bitum qurğusu istismara verildi.
2001-ci ildə indiki Heydər Əliyev adına NEZ-də neft məhsullarının keyfiyyətini dünya standartları səviyyəsinə çatdırmaq məqsədilə ABŞ-ın “MERİCHEM” şirkətinin lisenziyası ilə ELOU-AVT-6 qurğusunun layihəsi gerçəkləşdirildi. 2004-cü ildə zavodda istehsal olunan dizel yanacağının keyfiyyətini, istismar olunan qurğuların işləmə müddətlərini artırmaq məqsədilə «Hidrotəmizləmə» qurğusu istifadəyə verildi. 2005-ci ildə həmin zavod ilə ABŞ-ın UOP şirkəti arasında müqavilə imzalandı. Layihənin gerçəkləşdirilməsi nəticəsində benzin istehsalının həcmi ildə 340 min tonadək artacaq.

Bakının neftayırma zavodlarında onlarca çeşiddə neft məhsulları istehsal olunaraq həm respublikada maye yanacağına tələbatı ödəyir, həm də xaricə ixrac edilir.

2001-ci ilin 26 martında Azərbaycan Qaz Emalı Zavodu ARDNŞ-nin strukturundan çıxarılaraq özəlləşdirilmək üçün Dövlət Əmlak Komitəsinə verilsə də, bunu həyata keçirmək mümkün olmadı. Dövlət başçısı İlham Əliyev 2007-ci ilin 2 mayında imzaladığı sərəncamla zavodun yenidən Dövlət Neft Şirkətinə qaytarılması haqda qərar qəbul etdi. Bundan sonra müəssisədəki əsas avadanlıq və texnoloji qurğuların yenidən qurulmasına başlanıldı. Müəssisənin «Günəşli» yatağından əldə edilən qazla təmin edilməsi üçün ötürmə qabiliyyəti 5,5 milyon kubmetr olan Neft Daşları-Bahar qaz kəməri çəkildi. ARDNŞ-nin emal sahəsinin inkişafı konsepsiyası zavodun yaxınlığında yeni, dünya səviyyəsində müasir texnoloji avadanlıqlarla təchiz edilən qaz emalı zavodunun inşasını nəzərdə tutur. Yeni müəssisənin tikintisinə, təxminən, 4 il vaxt sərf olunacaq. Hazırda fəaliyyətdə olan zavodun işinin dayandırılması nəzərdə tutulmayıb. Zavodun emal gücündən tam həcmdə istifadə edilir.

"Neft və müharibələr" adlı yazını isə bu linkden oxuya bilersiniz: (http://www.anspress.com/index.php?a=2&lng=az&nid=67436)


DOSTLARINLA PAYLAŞ:

oyunlar